"İlk hissədə, demək olar ki, "Qarabağ"a epizod vermədik"
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turunun "Qarabağ"la görüşündən sonra mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə 1:3 hesablı məğlubiyyət barədə fikirlərini bölüşüb:
"Stadionda möhtəşəm atmosfer var idi. "Qarabağ"ın Tovuza gəlişini hiss etdik. Çoxdandır evdə uduzmurduq. Bu seriyanı davam etdirmək istəyirdik. Amma güclü komandaya qarşı oynayırdıq. Otto Con ikinci qolu vursaydı, oyunun axarı başqa cür ola bilərdi. Futbolçuların göstərdiyi performans alqışalayiqdir. Bu tempi saxlamalıyıq. Ümid edirəm ki, fasilədə zədəli oyunçularımız qayıdacaq".
Abbasov daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Bruno Qonçalveşin yoxluğu hiss olunurdu?
- Bütün futbolçuların yeri görünürdü. Amma onların yerində oynayanlar çalışdılar. Paçunun yoxluğu neçə oyundur bizə təsir edir. Bütün futbolçular bizim üçün dəyərlidir. Hamı sağlam olanda bizim üçün daha rahat olur.
Eyni mövqedə oynayan bir neçə futbolçu var. Bu, heyəti qurarkən sizə mane olmur?
- Yox. Oyun olub ki, Ayxan Quseynovla Fərid Nəbiyev eyni anda meydana çıxıblar. Rəqibə görə heyət qururuq. Heyət geniş olmalıdır. Xəyal Nəcəfovu qışdan sonra hər dəfə əsas heyətdə oynatmaq istəyəndə zədələnir. Bu gün pis təsir bağışlamadı.
Veysəl Rzayevin oynamamasının səbəbi nə idi?
- Qolu sınıb. Yəqin ki, çempionat onun üçün başa çatıb.
Geridə qalan periodu necə dəyərləndirirsiz?
- Üçüncü dövrəni yaxşı keçirdik. Məğlubiyyətlə başlasaq da, sonra vacib qələbələr qazandıq. Dördüncü dövrə hər kəs üçün çətin olacaq. Buna hazırlaşacağıq.
Bu gün sanki "Bayer" - "Qarabağ" matçının təkrarı idi. Rəqib dəyişikliklər etdikdən sonra oyunu dəyişə bildi. Siz necə düşünürsüz?
- Buna hazır idik. Bu heyəti gözləyirdik. Dəyişikliklərin də olacağını bilirdik. Bu gün ustalıq öz sözünü dedi. Bizim üçün də belə oyunlar lazımdır. İlk hissədə, demək olar ki, "Qarabağ"a epizod vermədik. İkinci yarıda isə çətinlik çəkdik.