"Kimsə bizim işləmədiyimizi sübut etsə, mən məşqçiliyi buraxacam"
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 35-ci turunun "Qarabağ"la oyunundan sonra maraqlı açıqlamalar verib.
Mediasport.az gənc mütəxəssisin görüşdən sonra keçirilən mətbuat konfransındakı müsahibəsini təqdim edir:
- Xal qazanmaq istəyirdik, buna köklənmişdik. İlk hissədə qol epizodlarından yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Qollar vurduq. Buraxdığımız qollara görə üzülürəm. Çatışmayan cəhət asan qollar buraxmağımızdır. Son oyunda azarkeşlərimizi sevindirməliyik. Son 4 tura qədər avrokubok mübarizəsi apardıq. Növbəti mövsüm üçün hazırlaşacağıq. İlk “6-lıq” uğrunda mübarizə aparırıq.
Baş hakim qapınıza vurulan 4-cü qolda - hücumun əvvəlində sizə qarşı qayda pozuntusu qeydə almadı sanki.
- Oyundan sonra hakimlikdən danışanda deyirlər məşqçi bəhanə axtarır. Hakimdən soruşuram, deyir top Belaydinin əlinə dəyib. Romao Pusini dartırdı. Ondan əvvəl də epizod var idi. O qayda pozuntusundan sonra qol buraxmağımız pis oldu. II dövrədə hakimliyə görə çox xallar itirmişik. Böyümək üçün bunu da keçməliyik.
Bu mövsüm hakimlikdən kifayət qədər şikayət olub. Demək olar ki, hakimlər hansısa klublara "işləyirlər"?
- "İşləyirlər" iddiası mənimçün ağır olar. Amma görünən odur ki, hakimlər bu mövsüm bu yükü daşıya bilmədilər. Hamıya aid deyil, yaxşı hakimlərimiz var. Amma ümumən inkişaf etməlidir. Yükü daşıya biləcək hakimlər azdır. Çempionatda klub sayının artırılmamasının bir səbəbi də hakim çatışmazlığı olub.
Komandadan neçə nəfər gedəcək?
- Ötən mövsümdən dəyişiklik edirik. Keçən il hansı situasiyalardan keçdik, klub daxilindəkilər bilər. Ötən il orta sıralarda olduq. Bu il də belə idi. Bu futbolçularla yaxşı oyunlar keçirdik. Əksiklərimiz çox oldu, bundan dərs götürürük. Böyük klub qurmaq istəyirik. Buna görə də düzgün seleksiya olmalıdır. Çalışacağıq 5-6 oyunçu transfer edək. Sonda fikirləşəcəm kimin gedəcəyin. Bu gün bir futbolçu var idi ki, fikrimi müsbət yöndə dəyişdi. Amma gedən və gələnlər olacaq.
İcarədə oynayan Xəyal Nəcəfov, Fərid Yusifov, İsmayıl Zülfüqarlı "Neftçi"yə, Veysəl Rzayev "Sabah"a qayıda bilər. Bunu gözə almısız, yəqin.
- Bizi düşündürən budur. Yerli futbolçu qıtlığı var. Yerli futbolçu baxımından digər klublara uduzuruq. Həmin rəqabəti udmaq üçün gərək, 3-4 il medalçılar sırasına düşək. Fəridin istedadı var. Amma zədəsi imkan vermədi. İsmayıl da bu gün xəstə idi. Onları komandada istəyirik. “Neftçi” ilə, "Sabah"la danışıqlar aparacağıq. Gələcəkdə öz yetirməmizin olmasını istərdim.
Azərbaycan, Tovuz Niderlandda gördüklərinizi tətbiq etməyə nə qədər hazırdır?
- Orada hər klubun öz fəlsəfəsi var, ondan kənara çıxmırlar. Əsas məqsədləri yetirmələrinin A komandada olmasıdır. Çalışırlar ki, akademiyadakı uşaqlar üzə çıxsınlar. Bizdə akademiyada oynayan uşaqlar nə qədər əsas komandaya çıxır? Bizim əsas meydança problemimiz var. Tək “Qəbələ”nin stadionları var. Biz isə bir stadionla oyun keçinirik. Belə desək, yola veririk.
Aleks De Souza sanki əvvəlki kimi çıxış etmir. Razısız?
- Bəli, özüylə də danışmışam. Cavandır, 3 qol vurduqdan sonra onu çox böyütdük. Amma biz bunu bilirdik, görürdük. Bəlkə də bu gün “Qarabağ” adının yükü də ona oynamağa imkan vermədi. İsənilən halda Aleks bu gün komandamız üçün böyük oyunçudur.
Komanda avrokuboklar zonasından son anda qopdu. Bunun üçün nə çatmadı, nə mane oldu?
- Mövsümün əvvəlində də demişdik, bizim avrokuboklara düşə bilməməyimiz faciə deyil. 3 illik məqsədimiz var və daha iddialı, daim Premyer Liqada olmaq istəyirik. Avrokuboklara düşə bilməməkdə, əlbəttə, iİlk növbədə özümüz günahkarıq. Daha sonra hakim səhvləri, bəzi oyunlarda kritik xal itkiləri və.s. Çox danışmaq olar. Zədələr də bizə mane oldu, təcrübəmiz çatmadı. Geniş heyətimiz olmalıdır. Keçənilkindən yaxşıyıq. Demək ki, düz yoldayıq. Geniş danışa bilərəm. Bu gün bizdən də təcrübəli, büdcəli klublar çətinlik çəkirlər. Kim deyə bilərdi ki, kuboku qazanan “Qəbələ” çempionatı tərk edəcək? Biz istəyirik ki, Premyer Liqada qalaq. Bunun üçün vaxt lazımdır. Bizə işləmirlər deyənlər qərəzlidir. Özünən güvənən gəlsin sübut eləsin ki, burada iş yoxdur, ondan sonra məşqçiliyi buraxacam.
Əvvəlki AFFA rəhbərliyinin vaxtında Tovuz stadionunda ot örtüyünün dəyişdirilməsilə bağlı müraciət etmişdiz, demişdilər ki, pul yoxdur. Amma Gəncəyə 3 milyon pul ayırmışdılar…
- Gəncənin akademiyası və məşq bazası yaxşıdır. Bizdə ilk iş idi deyə ola bilər. Biz bazalarda daha çox gözəlliyə önəm veririk. Ən vacib fitnes zalıdır. Biz fitnes zalını kiçik, yeməkxananı isə böyük edirik. Gəncənin bazası Tovuzda olsa, 5 ildən sonra milliyə yaxşı oyunçular verəcəyik. Söhbət tək Tovuzdan getmir. Orada yaxın bölgələrdən nə qədər uşaqlar var, əminəm ki, içlərindən yaxşı futbolçular çıxacaq. Bizə dəstək lazımdır. Stadion təbii ot örtüyü olmalıdır. Projektorlarımız həll olunub, axşam saatlarında gözəl futbol oynamaq olar.
Elvin