"Özümüzə inanırdıq, layiq olduğumuz qələbəni qazandıq"
"Oyunumuzda inkişaf olub-olmadığını daha yaxşı siz bilərsiz. Biz hər oyunda yaxşı olmağa çalışırıq. Yaxşı heyətimiz var, mümkünsüz heç nə yoxdur. Fikrimcə, Albaniya ilə matçda da pis oynamadıq. Sadəcə, son nöqtəni qoya bilmədik".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov deyib.
23 yaşlı yığma üzvü Qazaxıstanla Macarıstanda keçirilmiş yoxlama görüşü (3:2) barədə fikirlərini bölüşüb:
"Məncə, yaxşı oynadıq. Düzdür, ilk hissədə plansız qollar buraxdıq. Bizim də vura bilmədiyimiz epizodlar oldu. Top dirəyindən qayıtdı, rəqibin qapıçısı yaxşı seyv etdi və.s. Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq. Özümüzə inanırdıq. Layiq olduğumuz qələbəni qazandıq".
Oyunda qələbə topunun müəllifi olan Toral cərimə zərbəsindən vurduğu qolu belə şərh edib:
"Komandada cərimə zərbələrini mən və Emin Mahmudov yerinə yetiririk. Məsafə uzaq idi, topa Emin yaxınlaşmaq istəyirdi. Dedim, özümü yaxşı hiss edirəm, qapını yoxlayacam, o da etiraz etmədi. Keçmişdə Fransaya vurduğum qol yadıma düşdü. Ssenari eyni oldu, amma nöqtələr fərqli idi. Əsas odur, qalib gəldik. Hamını təbrik edirəm. Fərqli mövqelərdə oynamağıma gəlincə, ilk dəfə deyil. Canni De Byazinin vaxtında da olurdu. Mənimçün heç bir problem yoxdur. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram".
Xatırladaq ki, yığmamız Macarıstan toplanışı çərçivəsində iyunun 9-da Albaniya seçməsinə 1:3 hesabı ilə uduzub.