"Medina və Yankoviç Yunanıstana yollanacaq, amma..." - AÇIQLAMA
"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Olimpiakos”la oyunu buraxa bilər. 27 yaşlı yarımmüdafiəçi Monteneqro millisinin düşərgəsində zədə alıb. Ardından Premyer Liqanın 8-ci turunda “Neftçi”yə qarşı oynamaqla vəziyyətini bir qədər ağırlaşdırıb. Onun Yunanıstan səfərində Ağdam klubuna kömək edə bilməyəcəyi ehtimalı var.
Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə MediaSport.az saytına açıqlamasında Yankoviçin vəziyyətinin hələ də sual altında olduğunu deyib: "Komandada ab-hava əladır, oyuna hazırlaşırıq. Bu gün son məşqimizi edib sabah səhər Yunanıstana tam heyətlə - zədədən yeni qayıdan Kevin Medina daxil olmaqla - yola düşəcəyik. Markonun zədəsinə gəlincə, konkret söz demək çətindir. Sabah komanda ilə birlikdə səfərə yollanacaq, amma meydana çıxıb-çıxmayacağı ilə bağlı yekun qərarı tibbi briqada verəcək".
Bakı vaxtı ilə saat 23:00-da start götürəcək “Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-da Pireydə, "Georgios Karaiskakis" stadionunda oynanılacaq.