"Mən buna AFFA-nın "karusel"ində yellənənlər deyirəm" - ŞOK SÖZLƏR

"Mən buna AFFA-nın "karusel"ində yellənənlər deyirəm" - ŞOK SÖZLƏR

"Aşağı yaş qrupları üzrə milli komandalarda məşqçi yerdəyişmələrini mən AFFA-nın "karusel"ində yellənənlər adlandırıram. Niyə? Mənə deyin zəhmət olmasa, harda-hansı ölkədə belə şey var ki, bir baş məşqçi uğursuz ola-ola aşağı yaş qrupları üzrə bütün yığmaları bir-bir gəzir?".

Bu sözləri Mediasport.az saytına açıqlamasında məşqçi Müşfiq Qənbərov deyib.

Azərbaycanın əsas yığmasına Fernandu Santuşun təyinatı barədə fikirlərini bölüşən təcrübəli mütəxəssis portuqaliyalı çalışdırıcının perspektivinə inanmadığını qeyd edib:

"Bir çox səbəb var. Əvvəla, Azərbaycan futbolunda infrastruktur qurulmalıdır, uşaq futbolunun inkişafı üçün maksimum şərait yaradılmalıdır. Yüksək səviyyədə təlim-məşq bazaları, stadionlar olmalıdır. Bundan sonra əcnəbi məşqçi gətirmək olar. İndiyədək gələnləri gördük, hansı biri Azərbaycanda uğur qazana bildi? Bundan başqa, aşağı yaş qrupları üzrə milli komandalarda ancaq 3-4 eyni adam işləyəcəksə, nəticədən danışmaq olmaz. Ölkədə o qədər istedadlı, perspektivli, uşaqlarla peşəkar səviyyədə işləməyi bacaran məşqçi var ki...AFFA elə yapışıb 2-3 mütəxəssisdən, anlaya bilmirəm nə deməkdir bu".

Son olaraq ötən il "Səbail"in akademiyasında çalışmış Qənbərovun fikrincə, gənc məşqçilərə şans verilməlidir:

"AFFA milliləri konkret olaraq "karusel"ə çevirib. Orada faktiki "çevir tatı-vur tatı" prosesi gedir. Bəs bu qədər oxuyan, kateqoriya alan gənc, perspektivli məşqçilər harda işləsin, necə təcrübə toplasın? Çox gülüncdür, vallah. Bir məşqçi məsələn, 1 il U-19-da işləyir, sonra göndərirlər aşağı, sonra başqa yaş qrupu üzrə yığmaya və.s. Beləcə, "karusel" kimi fırlanırlar. Bununla uşaq futbolu, milli komandalar inkişaf edər? AFFA-da bəzi adamlar var ki, milliləri tamamilə kurasiyasına alıb, ətraflarında olan 3-4 məşqçini yaş qrupları üzrə bölüşdürüb istədikləri kimi yerdəyişmələr edirlər, vəssalam".

Qənbərovun sözlərinə görə, Azərbaycanda milli komandalarda işləyə biləcək gənc, bacarıqlı məşqçilər kifayət qədərdir, sadəcə, onlara şans verən yoxdur:

"Özümdən danışsam, təvazökarlıq olar. Mənim işim ortada olub həmişə. "Neftçi"də, "Vətən"də, MOİK-də, "Səbail"də və.s. yerlərdə işləmişəm, nəticə də vermişəm. Lakin mənə görə bu gün Azərbaycanda uşaq futbolunda bir nömrəli mütəxəssis Rövşən Babayevdir. Savadlı, dürüst, peşəkar mütəxəssisdir, illərdir bu sahədə çalışır. Ümumən çox ad çəkə bilərəm, sadəcə, məhəl qoyan var? Bunlar Azərbaycan futbolunun inkişafını istəmirlər? Bu gün əsas milliyə Fernandu Santuşu gətiriblər. Mənə maraqlıdır, onunla hər şey düzələcək? Aşağı yaş qrupları üzrə komandalar əsas millinin özəyi olmalıdır. Uşaqlar məhz aşağı yaş qruplarında yetişib artıra-artıra gəlib A milli komandaya düşməlidir. Baxaq, görək, son 10 ildə neçə futbolçu yetişərək əsas milliyə çıxıb?..Dediyim kimi, əgər həqiqətən Azərbaycan futbolunun inkişafını istəyiriksə, milli komandaları oyuncağa, "karusel"ə çevirməkdən əl çəkməlidirlər. Bu yığmalar 3-4 adamın şəxsi malı deyil ki, istədiyi kimi yerdəyişmələr etsin".

Ayxan