"Bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik" - Artur Jorje
"Düzdür, ilk oyunda məğlub olduq. Amma biz təslim olmamışıq. Bakıda son saniyəyə qədər mübarizə aparacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Braqa"nın baş məşqçisi Artur Jorje deyib.
52 yaşlı mütəxəssis Portuqaliya Superliqasının 22-ci turunun "Farense" ilə ev oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında Bakıya mərhələ adlamaq üçün gələcəklərini bildirib:
"Artıq bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik. Məqsədimiz mərhələ adlamaqdır. Bunun üçün potensialımız var. İnanıram ki, uşaqlar komanda şəklində bacardıqlarının hamısını edəcəklər".
Qeyd edək ki, "Qarabağ" - "Braqa" matçı fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlanacaq.
Ağdam təmsilçisi ötən həftə Portuqaliyada inamlı qələbə qazanıb - 4:2.