"Messi deyiləm ki, hamını aldadaraq keçim, irəli gedim"
"Yaxşı oyun alındı. Prinsipcə, oyunda diqtdə edən tərəf idik, qol epizodlarımız çox idi. Əsas odur ki, qələbə qazandıq. Azarkeşlərə sevinc bəxş etdik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper UEFA Avropa Liqasının 1-ci turunun "Molde" ilə oyunundan (1:0) sonra görüş haqqında fikirlərini bölüşüb.
Öz çıxışın barədə nə deyə bilərsən?
- Açığı, mənimlə bağlı epizod çox olmadı. Ümumi götürsək, normal alındı. Uzun müddət rəsmi matçlarda meydana çıxmamışdım. Fasilə yaranmışdı. Ümidvaram ki, oyundan-oyuna daha yaxşı olacam.
Səncə, daha çox qol vurmaq üçün nə çatmadı?
- Nəsə demək çətindir. Yəqin ki, hardasa konsentrasiya, hardasa tez qərar vermək çatışmadı. "Molde"nin qapıçısı da yaxşı oynadı. Bir neçə dəfə komandasını xilas etdi.
"Molde"nin bu cür oynayacağını gözləyirdiz?
- Rəqibi analiz etmişdik, necə oynadıqlarına baxmışdıq. Prinsipcə, təəccüblü heç nə yox idi. Bizim komanda yaxşı oynadı.
Şahruddin Məhəmmədəliyev daha çox qapıdan ötürmələrlə başlayırdı oyuna, amma sən əsasən irəli atırdın. Baş məşqçi demişdi, yoxsa özün belə oynayırdın?
- Öz istəyimlə olsaydı, yəqin ki, topu götürüb, irəli qaçardım (gülür). Məşqçilər korpusunun tapşırığı idi.
"Bayer"lə şəxsi prinsipin var?
- Onların oyunçusu olmuşam. Amma hər komandanın öz oyun sistemi var. Hər oyunçu bu sistemin bir parçasıdır. Mən Messi deyiləm ki, hamını aldadaraq keçim, irəli gedim. Hər şey saat kimi dəqiq işləsə, hər şey daha yaxşı olacaq.
Qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsən?
- Əgər bu cür intizamlı, peşəkar kimi oynasaq, şanslar yaxşıdır. Hər şey özümüzdən asılıdır.