Qurban Qurbanov: "Helsinki"yə qarşı matçda daha çox güc sərf etməliyik"

Qurban Qurbanov: "Helsinki"yə qarşı matçda daha çox güc sərf etməliyik"

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib oyun oldu. Bundan daha vacibi az oynayan futbolçuların idman formasını yaxşılaşdırmaq idi".

mediasport.az xəbər veirr ki, bu sözləri Azərbaycan Premyer Liqasının 2-ci turunun "Turan Tovuz"la görüşündən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis 3:0 hesablı qələbənin ardından jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularım tapşırıqları layiqincə yerinə yetirdilər. Rotasiyalar olsa da, komandada dinamika və sürət yaxşı görünürdü. Qarşıdakı günlərdə, oyunlarda idman formalarını geri qaytaracaqlar. "Turan Tovuz"un özünəməxsus oyun dəst-xətti var, başqa sistemdə oynayırlar və bunu da yaxşı icra edirlər, uduzmağı xoşlamırlar, sona qədər mübarizə aparırlar. İlk hissədə top itkilərimiz çox idi. Amma ikinci hissə daha yaxşı oldu.


Sizcə, oyunu daha gec saata təyin etmək olmazdı? Onsuz da "Sumqayıt" - "Sabah" görüşü təxirə salınmışdı.

- Çox isti idi, futbolçular əziyyət çəkdi. Bəlkə biz də PFL-ə müraciət etsəydik, yox deməzdilər. Sadəcə, digər oyunun təxirə salındığı iki günün içərisində bilindi. Ola bilər ki, heç birimizin ağlına gəlmədi, bu barədə düşünmədik. Məncə, müraciət etsəydik, yox deməzdilər, xeyirlisi.

Avropa Liqasında rəqibiniz "Helsinki"ni Bakıda gördüz, daha yaxından tanıdız. Onların zəif və güclü tərəfləri barədə nə deyə bilərsiz?

- Hələ ki, çox açıqlama verməyim düzgün olmaz. Bir komanda haqda ancaq pozitiv fikirlərim olur. "Helsinki" yaxşı komandadır. Həmişə demişəm ki, bir komandanın, məşqçinin öz oyun sistemi varsa, bunu yaxşı yerinə yetirirlərsə, deməli, onlar stabildir. Finlandiya klubu da onların içərisindədir. Onlar öz oyun sistemlərini yaxşı icra edirlər, illərdir bunu qoruyub-saxlayırlar, futbolçular bir-birilərini yaxşı tamamlayırlar. "Helsinki"ni Bakıdakı oyunda daha yaxından tanıdıq. Bizi xeyli yordular. Bakıdakı matçda bəzi çatışmazlıqlarımız var idi. Çalışacağıq ki, səfərdəki oyunda bunları aradan qaldırıb, oyunun gedişatında daha diqqətli, daha aktiv olaq. Böyük ehtimalla "Helsinki"yə qarşı Finlandiyada daha çox güc sərf etməliyik. Çünki bu komanda çempionatın ortasındadır. İdman formaları yerindədir. Maksimum hücumda oynamağa çalışacağıq. Yaxşı hazırlaşacağıq. Ola bilsin ki, "Helsinki" sürpriz etsin, riskə getsin. Maraqlı görüş olacaq.

"Qarabağ" yeni futbolçu transfer edəcək, edəcəksə, bu, hansı mövqeyə olacaq?

- Ola bilər, bir neçə oyunçu ilə danışıqlar gedir. Mövqeyə gəlincə, istənilən yer olması mümkündür.

Çili mətbuat "Qarabağ" "Kolo-Kolo"nun vingeri ilə maraqlandığını yazıb.

- Çox oyunçu ilə maraqlanmışıq. Ola bilər ki, transfer siyahımızda onun da adı var. Amma dəqiq məlumat verə bilmərəm.

"Helsinki" ilə cavab görüşünün süni örtüklü meydanda keçirilməsi komandaya mənfi təsir edəcək?

- Təbii örtüklü meydanda oynamaq bizim üçün daha rahat, daha asan, daha maraqlıdır. Başqa sürət olur, futbolçular daha güvənli oynayırlar. Hansısa problemlərimiz olacaq, amma o barədə düşünmürük. Azərbaycanda da belə meydançalarda oynamışıq. Hər halda təbii örtüklü meydanda oynasaq, daha yaxşı idi. Futbolçularımız süni örtüklü meydanda daha diqqətli olmalıdır.