Mikelsdən "Sabah" haqqında ŞOK sözlər: "Siz buna layiq deyilsiniz"
"Sabah"dan ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-Faysalı" klubuna keçən Coy-Lens Mikels növbəti paylaşımı ilə diqqəti çəkib.
mediasport.az xəbər verir ki, keçmiş klubu ilə vidalaşan 31 yaşlı almaniyalı futbolçu çox maraqlı açıqlamalar qeyd edib.
Mikelsin paylaşımını təqdim edirik:
"Əziz, "Sabah" ailəsi. Kaş, hər şey başqa cür olardı, amma həyat bəzən belə olur. Vidalaşmaq hər zaman çətindir və belə ayrılacağımı təsəvvür etməzdim.
Komanda yoldaşlarım və sevimli “Sabah” ailəsi qarşısında vidalaşmaq istəyim rədd edildi. Bəzi insanlar mənə dedilər ki, iki il meydanda qan-tər axıtdıqdan sonra bu hərəkətim xoş qarşılanmadı. Həmin iki insana qarşı “döyüşmək” hədəfində deyiləm, siz buna layiq deyilsiniz.
Məni günahkar göstərmək, paltardəyişmə otaqlarından və dəhlizdən heç vaxt klubda olmamışam kimi şəkillərimi çıxarmaq böyük zəifliyin göstəricisidir. Medalın hər zaman iki üzü olur. Heç vaxt hekayəmi izah edə bilmədim, çünki bunu etmək şansım belə olmadı.
Ancaq sizə deyirəm: Sənə pislik edənə müqavimət göstərmə, kimsə sağ yanağına sillə vursa, o biri üzünü də çevir. Kimsə köynəyini almaq üçün səni məhkəməyə vermək istəyirsə, paltonu da ona ver. Mənə verdiyiniz şansa görə yenə də hər birinizə təşəkkür edirəm. Mən beləyəm, bu cür yetişdirildim.
Azərbaycan mənim ikinci vətənimdir və belə qalacaq. Sizin üçün çox darıxacam. Unuda bilməyəcəyim bir şey bəxş etdiniz.
Karyeramın ən yaxşı iki ilini "Sabah"da keçirdim və İnanılmaz komanda yoldaşlarım, mənə sonsuz etimad göstərən məşqçilər, klub işçiləri, media komandası var idi. Orada ən yaxşı şəkildə çıxış edə bildim.
Ölkədə dostlar qazandım, səmimi qarşılandım. Həm futbolda, həm də şəxsi həyatda heç vaxt gözləmədiyim bir şəxsiyyətə çevrildim. Hər birinizə təşəkkür edirəm, siz klubu yaradan insanlarsınız.
Bu sözləri qəlbimin dərinliklərindən yazıram. Sizdən gördüyüm sevgi sözlə ifadə edilə bilməz. “Sabah” ömrümün sonuna qədər ürəyimdə yer tutacaq. İnşallah, yenidən görüşərik, Heç vaxt “heç vaxt” demə! Sizi sevirəm”.
Qeyd edək ki, 2021-ci ilin yayından “Sabah”ın formasını geyinmiş Mikels 33 qolla Masazır klubunun tarixinə ən sərrast futbolçu kimi düşüb.