MOK-un təsis etdiyi televiziya festivalının açılış mərasimi olub

MOK-un təsis etdiyi televiziya festivalının açılış mərasimi olub

Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın açılış mərasimi keçirilib.

Mediasport.az xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, birinci festivalın uğurlu alınması bu işi davam etdirməyimizə şərait yaradıb. O, idman federasiyalarının bu festival üçün layihələr hazırladığını söyləyib. Ç.Hüseynzadə tarixi qələbələr qazanan azərbaycanlı idmançılar üçün gələcəkdə bədii filmlərin çəkilməsinin önəmli olduğunu diqqətə çatdırıb.

Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, "Cüdo Klub 2012" İctimai Birliyinin üzvü Azər Əsgərov çıxışında festivalın uğurlu olacağını söyləyib.

Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu, “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin sədri Zemfira Meftahətdinova, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, münsiflər heyətinin üzvü Oleq Səfərəliyev, "Bakılı oğlanlar" komandasının və münsiflər heyətinin üzvü Ənvər Məmmədov, jurnalist Xanlar Məmmədov festivalın uğurlu olacağını və gələcəkdə buna uyğun digər layihələrin həyata keçirilməsi üçün təkan olacağını söyləyiblər.

Daha sonra sərbəst güləş üzrə Olimpiya və Avropa Oyunlarının, eləcə də Avropa çempionatının qalibi Toğrul Əsgərovla bağlı film nümayiş olunub.

İlk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan festival 2022-ci ildə təsis edilib.

Festivalda müxtəlif idman və ekstremal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və yaradıcı insanlar arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi məqsədi daşıyır.

Xatırladaq ki, ikinci dəfə təşkil olunan bu festivalda 5 nominasiya olacaq. Onların ikisi qadın idmançılara həsr olunacaq.