Paris-2024 Yay Olimpiya Oyunları: 2 idmançımız mübarizəyə başlayır, ikisi medal qazanmağa çalışacaq

Paris-2024 Yay Olimpiya Oyunları: 2 idmançımız mübarizəyə başlayır, ikisi medal qazanmağa çalışacaq

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanın üç güləşçisi və çəkicatma idman növündə təmsilçimiz mübarizə aparacaq.

Qadın güləşçilərin mübarizəsində yeganə idmançımız Mariya Stadnik yarışa 1/8 finaldan start verəcək.

4-qat Olimpiya mükafatçımız ilk mərhələdə almaniyalı Anastasiya Blayvasla qarşılaşacaq.

Yunan-Roma güləşçilərinin yarışında 77 kq-da təmsilçimiz Sənan Süleymanov 1/8 finalda Bolqarıstan idmançısı Ayk Mnatsakanyanla qarşılaşacaq.

Güləş yarışları Bakı vaxtı ilə saat 13:30-da keçiriləcək.

Dünən yarımfinala qədər irəliləyən digər yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) isə bürünc medal görüşünə çıxacaq. İdmançımızın rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi ilə olacaq.

Üçüncü yer uğrunda görüşlər saat 22:05-də başlanacaq.

Günün sonunda Azərbaycan çəkicatanı Anna Skidan medal qazanmağa çalışacaq. Təsnifatda 32 atlet arasında 6-cı yeri tutaraq finala yüksələn idmançımızın medal yolunda 12 rəqibi var.

Mübarizə Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycanın 48 idmançı ilə qatıldığı olimpiada avqustun 11-də başa çatacaq.

İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıblar, boksçu Loren Alfonso Dominges (92 kq) isə finala çıxmaqla azı gümüş medalı təmin edib.