AAF rəhbəri Kamran Nəbizadə professor Edvard Kolarla görüşdü
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə strateji planlama mütəxəssisi, Lyublyana Universitetinin professoru Edvard Kolarla görüşüb.
Mediasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AAF-ın vitse-prezidenti Firdovsi Umudov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnarə Təhməzovanın iştirak etdiyi görüşdə Azərbaycanda qurulacaq Avropa Ağırlıqqaldırma Akademiyasının inkişaf strategiyası müzakirə edilib.
Kamran Nəbizadə akademiyanın inkişaf strategiyasının hazırlanması zamanı nəzərə alınmalı olan zəruri istiqamətləri diqqətə çatdırıb.
O vurğulayıb ki, akademiyanın fəaliyyət və inkişaf strategiyasında bu idman növünün kütləviləşməsi, atletlər və hakimlər üçün beynəlxlaq seminar və məşğələlərin təşkili, sertifikatlaşdırma, eyni zamanda antidopinq sahəsində görüləcək işlər ayrı-ayrılıqda nəzərə alınmalıdır.
Daha sonra sloveniyalı mütəxəssis effektli inkişaf strategiyasının təklif olunmuş istiqamətləri ilə bağlı fikirlərini səsləndirib. O, qısa zamanda strategiyanın ilkin versiyasını AAF-a təqdim edəcəklərini bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, inkifaş strategiyası hazırlandıqdan sonra Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına təqdim ediləcək.