"Neftçi" isveçli idman direktorunun təqdimat mərasimini keçirib
"Neftçi" klubunun idman direktoru Yens Anderssonun təqdimat mərasimi keçirilib.
Mediasport.az xəbər verir ki, əsas komandanın baş məşqçisi Adrian Mutunun da qatıldığı tədbirdə "ağ-qaralar"ın baş icraçı direktoru Fərrux Mahmudov çıxış edib.
Fərrux Mahmudov Anderssonun klubun akademiyasının inkişafında rol oynayacağını bildirib: "Klub rəhbərliyi olaraq əsas komandanın baş məşqçisinə və futbolçulara güvənirik. Liderdən cəmi 5 xal geridəyik. Əsas mübarizə hələ irəlidədir. Azarkeşlər hər zaman zirvədə olmağımızı istəyirlər. Bir az səbirli olmalıyıq. Nəticələr zamanla gələcək. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq".
İdman direktoru Bakıda və bu klubda olduğu üçün məmnunluğunu ifadə edib: "Şəhərlə tanışlıq xoş keçib. Ümid edirəm ki, təcrübəmiz hər iki tərəfə faydalı olacaq. Bu günlər ərzində daha çox klubla tanış olurdum. "Neftçi" akademiyası ilə də məşğul olmalıyam. Layihəmizin uğurlu alınacağına ümid edirəm. Amma bunun üçün də vaxt tələb olunur. İlk növbədə Azərbaycan futbolunu tanımalıyam. Yeni adlar və simalar çoxdur".
Qeyd edək ki, Yens Andersson ötən ay "Neftçi" ilə 2 illik müqavilə imzalayıb. İsveçdən olan mütəxəssis bunadək ölkəsində "AİK Solna" (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın "Hayduk" (2013), Danimarkanın "Orxus" (2014-2016) klublarında və İsveç yığmasında (2022-2023) idman direktoru vəzifəsində çalışıb.