“Olimpiakos” bəlkə də əvvəl “Qarabağ”a yuxarıdan aşağı baxırdı”

“Olimpiakos” bəlkə də əvvəl “Qarabağ”a yuxarıdan aşağı baxırdı”

“Qarabağ” bu mövsüm daxili çempionatla yanaşı, avrokuboklarda həm oyun, həm də nəticə baxımından möhtəşəm futbol nümayiş etdirir. Komanda təsadüfi qələbələr qazanmır, nəticələri də qanunauyğunluq təşkil edir”

Bu sözləri mediasport.az saytına açıqlamasında millimizin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

“Qarabağ”ın Avroliqanın qrup mərhələsi çərçivəsində sabah Bakıda “Olimpiakos”la keçirəcəyi oyun barədə fikirlərini bölüşən təcrübəli mütəxəssis komandamızın qələbə qazanacağına inandığını deyib.

“Qarabağ” baxımlı, hücumameylli, rəngarəng oyunu ilə göz oxşayır. Fikrimcə, qrupda ilk yeri tutmağa iki real namizəd var ki, biri “Qarabağ”dır. Sabahkı oyuna gəldikdə, ilk qarşılaşmada təmsilçimiz çox ağıllı, savadlı, düzgün taktika ilə oynayıb layiqli qələbəsini qazandı. Rəqibin heyətində, xüsusən müdafiə xəttində ləng oyunçular var, onlar “Qarabağ”ın sürətli, driblinqi sevən futbolçuları üçün geniş imkanlar yaradır. Artıq “Qarabağ”ı tam analiz edib, necə oynamaq lazım olduğunu bilirlər, üstəlik komandamız doğma meydanda çıxış edəcək - bu mənada oyunun çətin olacağını deyə bilərəm. Bəlkə də “Olimpiakos” əvvəl heyətindəki tanınmış-məşhur futbolçulara görə “Qarabağ”a yuxarıdan aşağı baxırdı, amma indi fikirləri konkret fərqlidir.

Diniyev bu matçın Pirey təmsilçisi üçün son şans olduğunu diqqətə çatdırıb:

“Nəzərə alaq ki, yunanıların qrupdakı vəziyyəti də çox ağırdır, sanki saman çöpündən yapışıblar. Ehtiyatlı oynaya və yaxud əsasən standart vəziyyətlərdən istifadə etməyə çalışa bilərlər. Ona görə Bakıda meydana yalnız qələbə qazanmaq üçün çıxacaqlarını fikirləşirəm. İstənilən halda “Qarabağ”ın sabah da üstün oyun nümayiş etdirərək qalib gələcəyinə inanıram. Bu qələbə ilə həm də qrup ikinciliyini 70-80 faiz təmin edə bilərlər. Yəqin ki, Qurban Qurbanov “Olimpiakos”un Yunanıstan Superliqasının son turundakı qələbəsini izləyib, analzi edib və səfərdəki kimi, bu gün üçün də tam uyğun taktika düşünüb”.

"Qarabağ" - "Olimpiakos" görüşü sabah saat 20:45-da başlanacaq.