"Qarabağ"ın matçında "qırmızı"ları paylayan Con Qəbələdə nə edəcək?

"Qarabağ"ın matçında "qırmızı"ları paylayan Con Qəbələdə nə edəcək?

UEFA Millətlər Liqasının C Divizionunda yer alan Azərbaycan millisinin Estoniya ilə 5-ci tur matçına təyinat alan baş hakim Con Biton ölkəmizə tanış simalardan biridir.

Noyabrın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmada əsas söz sahibi olacaq şotlandiyalı bir neçə dəfə təmsilçilərimizin görüşlərində ədaləti qorumağa çalışıb.

42 yaşlı britaniyalı son olaraq ötən ayın 24-də Bakıya - "Qarabağ"ın "Ayaks"la ev matçı üçün səfər edib.

O, UEFA Avropa Liqasının əsas mərhələsinin 3-cü tur duelində Niderland nəhənginin 3:0 hesablı qələbəsini rəsmiləşdirib, ağdamlılardan Elvin Cəfərquliyev və Julio Romaoya qırmızı vərəqə göstərməsilə yadda qalıb.

Biton indiyədək ümumilikdə 4 dəfə "Qarabağ"ın, bir dəfə Azərbaycanın U-19, bir dəfə isə U-21 yığmasının oyunlarına təyinat alıb.

Azərbaycan - Estoniya oyunu Bakı vaxtilə saat 18:00-da başlanacaq.

Mediasport.az