Parisdə başlayan iclasa nazir Fərid Qayıbov sədrlik edir

Parisdə başlayan iclasa nazir Fərid Qayıbov sədrlik edir

Fransa paytaxtı Parisdə UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti iclası öz işinə başlayıb.

mediasport.az xəbər verir ki, pandemiya səbəbindən 2019-cu ildən onlayn keçirilən tədbir 3 ildən sonra ilk dəfə fiziki formatda baş tutur. İclasa Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov sədrlik edir.

İki gün davam edəcək iclasın açılış hissəsində UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos, daha sonra CIGEPS-in sədri Fərid Qayıbov çıxış ediblər.

İclas zamanı Komitənin gündəliyində duran bir sıra önəmli məsələlərin, COVID-19 pandemiyasından sonra idman sahəsinin vəziyyəti, MINEPS-in VII konfransı çərçivəsində qəbul olunması nəzərdə tutulan Yekun Bəyannamə sənədinin müzakirəsi, eləcə də CIGEPS İşçi Qruplarının və CIGEPS-in Prosedur Qaydalarına yenidən baxılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.

Həmçinin, 2023-cü ilin 14 - 17 martında Bakıda keçirilməsi planlaşdırılan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının keçirilməsi ilə bağlı UNESCO ilə ev sahibliyi müqaviləsinin imzalanması da planlaşdırılır.