"Penaltidir, istər ilk dəqiqələr olsun, istərsə də son dəqiqələrdə"
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Bayer"ə məğlub olub - 0:1.
Mediasport.az xəbər verir ki, Almaniya klubunun baş məşqçisi Şabi Alonso oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- İlk 15 dəqiqə çox gərgin keçdi. Bütün hücumların qarşısını almağa çalışırdıq. Buna rəğmən qalib gəldik. Penaltidən də olsa, qələbə qələbədir. Qrupda birinci yerdəyik. Amma qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha üstün oyunlar göstərməyə çalışırlar.
Birinci oyundan fərqli olaraq, "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- Heç nə ilə təəccübləndirmədi. Bilirdik ki, hansı komanda ilə oynayırıq. "Qarabağ" güclü komandadır. Bunu nəzərə alıb bura gəlmişdik.
Çox həyəcanlı görünürdüz, səbəb nə idi?
- Futboldur da, hirslənə də bilərik. Adi haldır.
14 il əvvəl futbolçu kimi bu stadionda meydana çıxmışdız. Bu dəfə isə baş məşqçi kimi komandanızı meydana çıxardız. Bununla bağlı nə deyə bilərsiz?
- 14 il ərzində çox böyük dəyişiklik var. Həm Azərbaycanda, həm də "Qarabağ"da. 14 il əvvəl heç "Qarabağ"ı tanımırdım. Amma indi nəyə qadir olduqlarını bilirəm. İldən-ilə bu komanda böyüyür və növbəti uğurlar üçün hər şeyi edir.
Sizcə, son dəqiqədəki penalti epizodu "Qarabağ"ın lehinə olsaydı, baş hakim hansı qərarı verərdi?
- Penaltidir, istər ilk dəqiqələr olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə oyun var idisə, top qapı tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir.
Gələcək karyeranızı "Real"da davam etdirəcəksiz?
- Mən bu barədə heç nə deyə bilmərəm. Oyun barədə sualınız varsa, cavab verərəm.
"Bayer"lə yanaşı, sizcə, qrupdan üç komandadan hansı çıxacaq?
- "Molde" ilə "Qarabağ" arasında rəqabət gedəcək. Son oyun göstərəcək ki, hansı komanda ikinci yeri tutmağa qadirdir.
"Qarabağ"ın heyətində hansı futbolçunu xüsusi dəyərləndirərdiz?
- "Qarabağ" çox gözəl komplektləşib, yaxşı heyəti var. Hamısını deyə bilərəm. Yankoviç, Zubir, Juninyo... Digərlərinin xətrinə dəymək istəmirəm. Hamısı yaxşıdır. İnanıram ki, onlar üzərinə düşən işi görəcəklər.