"Qardaşım kimi yaxşı futbol oynamağa çalışıram" - Mikels
"Maraqlı və yaxşı oyun alındı. Biz görüşə aqressiv start verdik. Qol şanslarımız da var idi. Erkən qol vurduğumuz üçün daha yaxşı oynamağa başladıq. Nəticədə qalib gəldik".
Bu sözləri Premyer Liqanın 6-cı turunun "Şamaxı" - "Sumqayıt" (1:0) matçından sonra Mediasport.az saytına açıqlamasında bölgə təmsilçisinin futbolçusu Leroy-Jak Mikels deyib.
O, futbol üzrə Azərbaycan çempionatına tez uyğunlaşdığını söyləyib və bunun səbəblərini açıqlayıb:
"Bu çempionatı daha əvvəldən də tanıyırdım. Qardaşım burada oynayırdı, liqanı izləyirdim. Özüm də indi, yavaş-yavaş daha çox adaptasiya oluram. Coy-Lens burada yaxşı oynamışdı, bu il də çox yaxşı performans göstərir".
Konqo əsilli almaniyalı Premyer Liqada qardaşı kimi uğurlu çıxış etməyi hədəflədiyini bildirib:
"Qardaşım kimi yaxşı oynamağa çalışıram. Digər qardaşımız da Azərbaycana gəlib, burada yaxşı oynaya bilər. Çünki yaxşı oynamaq qanımızda var".
Hücumçu Şamaxı şəhəri ilə bağlı təəssüratlarını da bölüşüb:
"Şamaxını gəzmişəm. Burada olduğum üçün xoşbəxtəm. Düzdü, vaxtımın çox hissəsini oteldə keçirirəm. Amma ümumilikdə komandadan, şəhərdən və baş məşqçimizdən çox razıyam".