PFL rəhbərliyi 1-ci Liqa klublarının rəsmilərini AFFA-ya toplayıb...
AFFA-nın inzibati binasında I Liqa klublarının rəhbərləri ilə görüş keçirilib.
mediasport.az xəbər verir ki, ilk dəfə geniş tərkibdə keçirilən tədbirdə əvvəlcə PFL-in idarə heyəti - prezident Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev klublarla müzakirələr aparıb.
Gündəlikdə bir sıra məsələlərə - yeni mövsümün startı, tətbiq ediləcək idman prinsipləri, legionerlə bağlı qaydalar, infrastruktur kimi mövzulara toxunulub.
Görüşün ikinci mərhələsində AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, maliyyə rəhbəri Xalid Cavadov, maliyyə meyarları üzrə baş ekspert Bəhram Dadaşov iştirak ediblər. Onlar 2024/2025-ci illər mövsümündən etibarən tətbiq ediləcək lisenziyalaşdırma qaydaları, ayrılacaq maliyyə yardımı haqqında məlumat veriblər.
Ümumilikdə 3 saata yaxın davam edən görüş səmərəli müzakirələrlə yadda qalıb.