Premyer Liqada fərqlənən hakimlərə “Tofiq Bəhramov mükafatı” verildi

Premyer Liqada fərqlənən hakimlərə “Tofiq Bəhramov mükafatı” verildi

AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.

mediasport.az xəbər verir ki, bu gün təşkil olunan tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşək iştirak ediblər.

Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na baş hakim İnqilab Məmmədov və referi köməkçisi Zeynal Zeynalov layiq görülüb.

Mükafatın əsasnaməsinə uyğun olaraq həyata keçirilmiş səsvermədə Peşəkar Futbol Liqasının prezidenti, Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, Hakimlər Komitəsinin üzvləri, sədri və Futbol Hakimləri Birliyinin sədri iştirak ediblər.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin 29 yanvar 2021-ci il tarixli iclasında mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı”nın təsis olunması barədə qərar qəbul olunub, komitənin 31 may 2021-ci il tarixli iclasında isə mükafatın əsasnaməsi təsdiqlənib.