"Qarabağ" rəsmisi UEFA-nın nüfuzlu komitəsinin toplantısında

"Qarabağ" rəsmisi UEFA-nın nüfuzlu komitəsinin toplantısında

Bir müddət əvvəl UEFA-nın Yarışların Təşkili (2023-27-ci illər) Komitəsinə üzv seçilən "Qarabağ" Futbol Klubunun baş meneceri Asif Əsgərov komitənin Cenevredə keçirilən toplantısında iştirak edib.

Mediasport.az xəbər verir ki, komitənin yeni tərkibdə ilk iclası (online) fevralın 1-də, ilk canlı görüşü isə martın 4-5-də İsveçrədə baş tutub.

İclasda 2023-27-cü illər üçün Avropa kubokları ilə bağlı bəzi dəyişikliklər təsdiqlənib və ictimaiyyətə təqdim olunub.

Açıq qalan məsələlər komitənin mayın 31-də Londonda keçiriləcək iclasında müzakirə olunacaq.

Qeyd edək ki, komitənin 16 nəfər üzvü var.

Təşkilata İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qrabvina rəhbərlik edir.

Komitədə "Tottenhem", "Bayer", "Marsel", "Roma", "Ayaks", Fənərbağça" və s. kimi Avropanın bir neçə nüfuzlu klubunun nümayəndələri təmsil olunur.

İclasda komitənin xüsusi məsləhətçisi qismində FİFA İcraiyyə Komitəsinin üzvü Fernando Qomes, Avropa liqalarından isə Danimarka Peşəkar Futbol Liqasının prezidenti Klaus Tompson iştirak ediblər. 

Xatırladaq ki, A.Əsgərov 2023-cü ilin sentyabrında Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib.

Qurum UEFA komitələri sırasında ən nüfuzlusu sayılır.

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına aid bütün məsələlər, o cümlədən dəyişilikliklər məhz bu komitədə müzakirə olunur və təsdiqlənir.