"Qarabağ" üçün həyəcanlı püşkatma olacaq" - Per-Matias Höqmo
"Hekken"in baş məşqçisi Per-Matias Höqmo UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun "Qarabağ"la matçından sonra (0:2) mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, norveçli çalışdırıcı öncə qarşılaşmanı dəyərləndirib:
"Qarabağ"ı təbrik edirəm. Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Matçlarını izləməyə çalışacam. Bu oyun bizim üçün çətin keçdi. İlk dəqiqələrdəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə, istifadə edə bilmədik. Bizdə sezon bitib. Qarşıdakı mövsüm Avropa Konfrans Liqasında oynayacağıq. Bu altı oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Konfrans Liqasında istifadə edəcəyik".
64 yaşlı Hoqmo daha sonra jurnalistlərin suallarını cavablandırıb:
"Hekken"in baş məşqçisi kimi sonuncu oyununuz idi. Bakıdan hansı təəssüratla ayrılırsız?
- Burada baş məşqçi olduğum iki mövsüm yarım idi. İsveç çempionu olduq. Oyunçular satdıq. Komanda gəlir əldə etdi. "Hekken" indi daha güclüdür. Komandadan yaxşı əhval-ruhiyyə ilə ayrılıram.
"Qarabağ"ın baş məşqçisinin oğlu Musa Qurbanlının "Yurqorden"də oynadığını bilirsiz? Onun haqda nə düşünürsüz?
- Əvvəlki klubumda oynayır. Onun oyununu izləmək həyəcanlıdır. Yanvardan başlasa, daha yaxşı təəssürat formalaşdıracaq.
Hər iki matçda "Qarabağ"a uduzdunuz. Fərqli oyun ülsubunda oynasaydınız, "Qarabağ"ı uda bilərdiz, yoxsa istənilən halda səviyyə fərqi imkan verməyəcəkdi?
- Birinci oyunda demək olar ki, bərabərsəviyyəli oyun getmişdi. Hətta penaltimiz verilməmişdi. Verilsəydi, bəlkə də, başqa cür olardı. Bu oyunda da yaxşı oynadıq. "Qarabağ"ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə oyunçular yoxdur. Bu da öz təsirini göstərir.
"Qarabağ" bundan sonrakı oyunlarda, sizcə, necə təəssürat bağışlaya bilər?
- "Qarabağ"ın fərdi olaraq yaxşı oyunçuları var. Xüsusən də hücumda və mərkəzdə. "Qarabağ" daha güclü rəqiblərlə oyunlarda da qol vurub, fərq yarada bilər. "Qarabağ" üçün həyəcanlı püşkatma olacaq. Gözləyək, görək rəqib kim olacaq. "Qarabağ"ın qruplarda çox böyük təcrübəsi var. Bunu da öz oyununda göstərir.