"Qarabağ"ın Çempionlar Liqası matçının hakimləri dəyişdirildi
UEFA Çempionlar Liqasında Azərbaycanı təmsil edən "Qarabağ"ın 2-ci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə cavab qarşılaşmasının hakimləri dəyişdirilib.
Mediasport.az xəbər verir ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
20:00-da başlanacaq matçın baş hakimi Yakob Sundberq olacaq, ona yan xəttdə Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae isə AVAR-da əyləşəcək.
Xatırladaq ki, UEFA daha əvvəl oyuna ukraynalı hakimləri təyin etmişdi.
Komandalar arasında ilk qarşılaşma Ağdam klubunun 2:0 hesablı səfər qələbəsilə yekunlaşıb.