"Qarabağ"ın rəqibi UEFA Avropa Liqasında ən dəyərli ikinci klubdur
Məşhur "Transfermarkt" portalı bu gün yeni formatla start götürəcək UEFA Avropa Liqasının startı ilə bağlı paylaşım edib.
Mediasport.az xəbər verir ki, "Avropa Liqası qayıdır" başlıqlı paylaşımda turnirdə iştirak edən komandaların ən dəyərli futbolçularının iştirak etdiyi rəmzi komanda qurulub.
Qitənin 2-ci dərəcəli klub turnirində yarışan təmsilçimiz "Qarabağ"ın rəqiblərindən "Tottenhem"in 3 futbolçusu simvolik "11-lik"də yer alıb.
Çərçivə Dioqo Koştaya ("Portu", 45 milyon avro) həvalə edilib. Müdafiə xəttini Mikki van de Ven ("Tottenhem", 55 milyon avro), Matteys de Liqt ("Mançester Yunayted", 65 milyon avro), Kristian Romero ("Tottenhem", 65 milyon avro) təşkil edir.
Yarımmüdafiədə Martin Zubimendi ("Real Sosyedad", 50 milyon avro), Kobbie Meynu ("Mançester Yunayted", 55 milyon avro), Niko Uilyams ("Atletik", 70 milyon avro), Bruno Fernandes ("Mançester Yunayted", 70 milyon avro), Ceyms Meddison ("Tottenhem", 70 milyon avro) yer alıb.
Viktor Osimhen ("Qalatasaray", 100 milyon avro) və Rasmus Hoylundun ("Mançester Yunayted", 65 milyon avro) adları ön xətdə yazılıb.
Avropa Liqasının 10 ən dəyərli komandasının adı da açıqlanıb:
"Mançester Yunayted" (İngiltərə, 857 milyon avro), "Tottenhem" (İngiltərə, 768 milyon avro), "Real Sosyedad" (İspaniya, 431 milyon avro), "Roma" (İtaliya, 339 milyon avro), "Portu" (Portuqaliya, 334 milyon avro), "Atletik" (İspaniya, 319 milyon avro), "Qalatasaray" (Türkiyə, 288 milyon avro), "Olimpik" (Lion, Fransa, 266 milyon avro), "Ayntraxt" (Frankfurt, 248 milyon avro), "Fənərbağça" (Türkiyə, 231 milyon avro).