CAS keçmiş məşqçisinin "Sumqayıt"a qarşı məhkəmə iddiasını təmin edib

CAS keçmiş məşqçisinin "Sumqayıt"a qarşı məhkəmə iddiasını təmin edib

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Sumqayıt"ın sabiq məşqçisi Elnur Çodarovun şikayətinə müsbət cavab verib.

Mediasport.az xəbər verir ki, bu barədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə şəxsi feysbuk hesabından paylaşım edib.

O, mütəxəssisin məhkəmə işini udduğunu vurğulayıb. Beləliklə, klub Elnur Çodarovun 3 aylıq maaşını ödəmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Elnur Çodarov 2021-ci ilin dekabrında “Sumqayıt”ın istefaya göndərilən məşqçilər korpusunda yer alıb. Onun “gənclik şəhəri” təmsilçisi ilə müqaviləsinin davam etməsinə baxmayaraq, rəhbərlik birtərəfli qaydada sözləşməyə xitam verib. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi 2022-ci il martın 17-də onu haqlı saysa da, bununla razılaşmayan “Sumqayıt”ın şikayəti bir ay sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı tərəfindən təmin olunub.

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə sosial şəbəkə hesabında məsələyə şərh verib. Onun paylaşımını olduğu kimi təqdim edirik:

Hamıya məlumdur ki 5 il ərzində AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri olaraq təmənnasız işləmişəm. Bu müddət ərzində Komitə çoxlu şikayətlərə, məhkəmədənkənar dediyimiz işlərə baxıb, yeni presedentlər, qərarlar yaranıb, islahatlar həyata keçirilmişdir. Həmin fəaliyyət Komitənin hər bir üzvünün (onlara təşəkkürümü bildirirəm) və mənim zəhmətimin nəticəsi olmuşdur. Mən bunu həmişə pərdə arxasında bəlkə də görünməyən, ama ölkəmizin idman hüququnun inkişafı və futbolun daha səmərəli hüquqi tənzimlənməsi naminə fəaliyyət adlandırmışam. Fəliyyətimin əsas prinsipləri ədalət, qanunun aliliyi və qərarın altında qoyduğum imzama hörmətim idi.

Elnur Çodarov hamı kimi Komitəyə şikayətlə müraciət etmiş və Sumqayıt Futbol Klubu tərəfindən onun əmək hüquqlarının pozulmasını iddia edərək Komitənin məsələyə baxıb ədalətin bərpa edilməsini xahiş etmişdir. İş bütün prosedurlara əməl olunaraq baxıldı və onu iddiasınıın qismən təmin olunmasına dair tərəfimizdən qərar qəbul edildi. Ədalətli və hüquqa dayanan qərar qəbul edildi. Burada bir məqama diqqət yetirməliyik ki, həmin qərar da AFFA çərçivəsində fəaliyyət göstərən Oyunçuların Statusu və Transferi Komitəsinin qərarıdır.

Qərarın nəticəsi ilə razı olmayan Sumqayıt Futbol Klubu apellyasiya hüququndan istifadə edərək işi göndərir AFFA-nın Apellyasiya Komitəsinə.

Burada – AFFA-nın Apellyasiya Komitəsində faciə baş verir. Hüquq, idman hüququ, ədalət, qanunun aliliyindən xəbərsiz olan Apellyasiya Komitəsi tərəfindən mənim qərarım ləğv edilir. Həm də bütün mümkün olan və olmayan prosedur qaydalarını pozaraq. Nə üçün bunu edir artıq sizin və aidiyyəti qurumların şərhinə qoyuram. Belə qərarın altında qol çəkməyə mən utanardım və bu barədə AFFA-ya bildirdim. Elnurun hüquqları yenidən pozuldu. Burada da bir məqama diqqət yetirməliyik, AFFA nə mənim sədrlik etdiyim Komitənin qərarına, nə də Apellyasiya Komitəsinin sədrinin qəarına müdaxilə edə bilməz, çünki Komitələr qərarlar qəbul etməyə müstəqildir. Digər sözlə CAS-da AFFA-nın ikinci cavabdeh qismində olması məncə düzgün olmamışdır, günahkar məhz AFFA-nın Apellyasiya Komitəsi olmuşdur.

Etiraf edirəm mənə çox mənfi tərzdə təsir elədi, hətta ruhdan saldı. Mən AFFA-nın məhz bu vəzifəsindən ayrılmağa qərarını verdim və bu barədə Sərhan müəllimə bildirdim. Mənim fəaliyyətim əgər bu dərəcədə dəyərsizdirsə, növbəti Konfransda yenidən seçilmək istəmirəm deyə rəhbərliyə bildirdim. Apellyasiya Komitəsində idman hüququndan anlayışı olan insanların olmasının vacibliyini vurğuladım.

Elnur Çodarovun Sumqayıt Futbol Klubuna qarşı CAS-a müraciət etmək və məhkəmə işi qaldırmaq istəyinə münasibətdə tərəfimdən mövqe bildirdim və işi 100% udacağını qeyd etdim. Elnur tərəddüd edirdi. Özünü hüquqşünas adlandıran hər bir kəs üçün bu iş 2+2=4 idi. Əmin idim ki udacaq və Elnur CAS-da uddu. Nailənin qərarı CAS-da təsdiq edildi. Apellyasiya Komitəsinin həmin o qanunsuz qərarı isə ləğv olundu.

Qeyd etməliyəm ki, hansı klub və ya kim tərəfindən şikayətin olması vacib deyil. Sumqayıt Futbol Klubunun rəhbərliyinə böyük hörmətim var, Elnuru isə Komitəyə müraciətindən öncə ümumiyyətlə tanımırdım. Komitəmiz heç kimin tərəfini tutmurdu. Əsas odur ki, bu qərarın təsdiqi gələcəyə xidmət edən qərardır, bizim hamımızın uşaqlarının yaşayacağı reallığa xidmət edəcəkdir.

Ümid edirəm ki, CAS-ın bu qərarı nəticəsində ölkəmizdə idmançılarla bağlanan müqavilələrə daha diqqətli yanaşmanı hamımız birlikdə müşahidə edəcəyik. Unutmamalıyıq ki, idmançılar bir çox hallarda bizim bayrağımızı qaldıran insanlardır.

Bu qərarın Azərbaycan futbolunun inkişafı üçün bu gün yox, sabah da deyil, illər sonra əhəmiyyətini anlayacayıq.

“Pacta sunt servanda”

Axıra qədər oxuduğunuza görə minnətdaram və statusu öz səhifələrində bölüşənlərə əvvəlcədən təşəkkür edirəm.

P.S. Hər birimizin yanında dost, rəfiqə, həmkar, sevgili, valideyn istənilən statusda insanlar var ki deyir “Sənə lazımdır?”, “Nə üçün özünü öldürürsən?”, “Kim sənin təhsilinə baxır?” , “Kimə lazımdır sənin pulsuz fəaliyyətin?”, “Kim dəyər verəcək ki?”.

Cavab təkdir, vətənpərvərlikdir və onun ətrafında digər məqamlar.