"Qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var"
"Əsas böyük ürəyin, mübarizliyin olmasıdır. Azarkeşlər, bizi sevənlər, bütün Azərbaycan görməlidir ki, meydanda iki böyük komanda mübarizə aparır”.
Mediasport.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Ağdam təmsilçisinin rəhbəri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Bayer"lə matç barədə danışıb. Tahir Gözəl "Bayer"ə qarşı cavab qarşılaşmasını stadionda izləməyəcək. O, Bakıda təşkil olunan vacib konfransa qatıldığı üçün Almaniyaya yollanmayıb:
“Qurban Qurbanov və bütün futbolçulara uğurlar arzulayıram. Bakıda keçirilən oyunda qeydə alınan heç-heçə (2:2) göstərir ki, qələbə üçün gücümüz, imkanımız var. Qarşımızda çox nəhəng komanda var. Amma nəticədən asılı olmayaraq, “Qarabağ”ın öz oyununu, gücünü göstərməsi, nümayiş etdirdiyi futbolla alqış qazanması vacibdir”.
"Qarabağ"ın rəsmisi komandadan əzmkar mübarizə gözlədiyini vurğulayıb: “Tarixi gündə möhtəşəm mübarizədə qarşımızda nəhəng rəqib olsa da, özünə inanan güclü “Qarabağ” var. Komandamız mübariz ruhunu, əzmkarlığını göstərməlidir. Məğlubiyyət qorxulu deyil, bütün çempionlar uduzur".