"Qəbələ" ABŞ şirkəti ilə 3 illik müqavilə bağladı - RƏSMİ
“Qəbələ” İdman Klubu yeni tərəfdaşlıq müqaviləsi bağlayıb.
Şimal təmsilçisi ABŞ-nin tanınmış şirkəti “Capelli Sport”la əməkdaşlığa başlayıb.
İdman geyimləri istehsalçısı ilə əməkdaşlıq 3 illik nəzərdə tutulub. “Qırmızı-qaralar”ın əsas, əvəzedici və akademiya komandaları eksklüziv olaraq klubu üçün hazırlanacaq geyimlərdə çıxış edəcək.
“Capelli Sport”un əsası 2011-ci ildə qoyulub. Qısa müddətdə futbol bazarında özünə yer edən Şimali Amerika təmsilçisi idman dəstləri, qapıçı əlcəkləri, top, həmçinin müxtəlif üslublu geyimlər, çantalar, kepkalar, idman ayaqqabıları istehsal edir. “Capelli Sport” dünyanın müxtəlif yerlərində onlarla komandanın tərəfdaşıdır.
"Capelli Sport Europe"un prezidenti Key Mureg yeni əməkdaşlıq barədə fikirlərini açıqlayıb: "Qəbələ" ilə əməkdaşlıqdan çox məmnunam. Klub, onun üzləri və ruhu "Capelli Sport" üçün idealdır. Birlikdə mütləq gözəl işlər reallaşdıracağıq".
"Capelli Sport Europe"un biznesin inkişafı meneceri Xəlil Özçelik də bu sazişin imzalanmasından və Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib: "Sazişin imzalanmasından və Azərbaycana gəlişimizdən çox məmnunam. Klubun böyük fəlsəfəsi var - mükəmməl akademiya, avrokuboklarda uğurlar marağımıza səbəb oldu . Bunlarla elə yerində tanış oldum. "Qəbələ" ilə əməkdaşlıq edərək, məhsullarımızı bütün regionda tanıtmaq istəyirik və yaxın illərdə brendimizi daha da inkişaf etdirməyə çalışacağıq".
Qeyd edək ki, əməkdaşlıq barədə məlumatı MediaSport.az saytı iyunun 16-da oxucularına təqdim edib - https://mediasport.az/qebelenin-amerika-sirketi-ile-anlasmasinin-esl-sebebi