"Qurban müəllimə demişdim ki, zəfər ruhumuz oyunumuza təsir etməlidir" - "Qarabağ"ın prezidenti
"Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Bu gün çox gözəl oyun oldu. Avropanın ən gözəl komandaları bura gəlib başı əyilib qayıdırlar. 400-dən çox klub arasında ilk 32-likdəyik. Möhtəşəm zəfərdir. Bayram bayrama qarışdı. Bu gün qələbə mənim üçün çox önəmli idi. Qurban Qurbanovla danışıb öz arzularımı ona demişdim. Baş məşqçini və komandanı təbrik edirəm. Xalqımıza, şəhidlərimizə, onların ailələrinə, cənab prezidentimizə bizim kiçik bir töhfəmiz oldu. Buna görə də çox qürurluyam".
Mediasport.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl Bakıda Norveçin "Molde" klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Ağdam klubunun rəhbəri möhtəşəm qalibiyyət əldə etdiklərini bildirib: "Bu gün qələbə qazanmaq çox önəmli idi. Qurban müəllimlə danışmışdıq. Ona demişdim ki, zəfər ruhumuz oyunumuza təsir etməlidir. Taktiki cəhətdən hazırlıqlı idik. Bütün komandanı təbrik edirəm".
Funksioner "Qarabağ"ın növbəti uğuruna inandığını söyləyib: “Qarabağ” 400 klub içində 32 komanda arasında yer alıb, qrupdan çıxsaq 16 komandadan biri olacağıq. Bu uğura inanıram. Bacardığımız qədər irəli gedəcəyik. Bu il daha da yaxşı formadayıq, qrupdan çıxacağımıza ümid edirəm”.
O, rəqib qapıçının bir neçə dəfə qurtarış etdiyini xatırladıb: "Onu təbrik etmək lazımdır. Möhtəşəm toplar çıxarırdı. Əsas olan odur ki, biz 3 xalımızı aldıq. Bu arada Şahruddini də unutmuram. Amma oyunda ən azı üç qol vura bilərdik".
Klub prezidenti "Qalatasaray" bu rəqibə qarşı hər iki oyunda çətinlik çəkmişdi. Sizcə, bu gün Türkiyə çempionu ilə "Qarabağ"ın oyunu olsa, kim qalib gələr?" sualına isə belə cavab verib:
"Qalatasaray" qardaş klubdur. Bizim onlarla oyunumuz oldu. Bəli, bu, tam yüksək səviyyədə mübarizə gedən oyun deyildi. Bir gün rəsmi oyunda "Qalatasaray"la qarşılaşmaq arzum var. Biz özümüzə çox inanırıq. "Qalatasaray" kimi böyük kluba qarşı yaxşı mübarizə aparmağa qadirik".