Qurban Qurbanov: "Hesabı qorumaq üçün oynamayacağıq"
"Qarabağ" sabah Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Olimpiya"nı qəbul edəcək.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu gün matçöncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis sabah ehtiyatlı oyunla yaxşı çıxış etməyə çalışacaqlarını deyib.
- Qrup öncəsi son oyunumuzdu. Qalib gəlsək də, ciddi olmalıyıq. Səfərdəki oyundan sonra fikirlərimi bildirmişdim. Bakıda daha ciddi olmalıyıq. Rəqibin öz oyun üslubu, özəllikləri var. Boşalmaq olmaz. Son çempionat oyunlarına da baxdıq. Məğlub olsalar da, yaxşı oynadılar. Qol epizodları çox idi, lakin şanslardan istifadə edə bilməmişdilər. Çalışacağıq, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram.
"Qarabağ" ən yaxşı oyunlarından birini "Olimpiya" ilə səfərdə keçirdi. Sabah buna nə mane ola bilər?
- Deyə bilmərəm. Hesaba aldanmamalıyıq. Rəqib sabah çəkinməyəcək, risk edəcək. Hesabı qorumaq üçün oynamayacağıq. Daha aqressiv olmalıyıq. Komandamızın istənilən komandaya qalib gəlmək potensialı var. Daha ciddi olmalıyıq. Başqa nəsə haqda düşünməməliyik. Rəqibin gücünü bilirik. İlk matçı analiz edəndə futbolçular gördülər ki, nə çətinlik çəkmişik.
Patrik Andrade və Bədavi nə vaxt qayıdacaq?
- Vaxt var hələ. Onların zədələri ciddidir.
Transfer gözlənilir?
- Transferdə aktivik. Nəzərdə keçirdiyimiz oyunçular var. Rəqib tərəfdən bir az passivlik var. Son günə qədər çalışacağıq.
Sabahkı oyunda qapıçı kim olacaq?
- Hələ tam heyəti müəyyənləşdirməmişəm.
Medinanın gedişi aktualdır?
- Xeyr. Əksinə, müdafiə mövqeyinə axtarışlar var. Arxa xətti gücləndirmək haqda düşünürük.