"Qurbanovun alternativi yoxdur"
Azərbaycan futbolu adına, bu mövsümlük avrokubok həyəcanı sona çatdı.
Yeni tarix yazıldı.
Azarkeşlərimiz möhtəşəm hisslər yaşadılar. 10 ildən çoxdur klublarımız UEFA bayrağı altında çətin yol qət edirdilər. Bu il klub futbolumuz Avropada özünün qəbul olunması, tam təsdiq edilməsi baxımından möhürünü vurdu!
Avrokuboklarda futbol müzakirələri, qırmızı vərəqə, qolların vurulması, emosiyalalar səngimir. Təbiidir, başadüşüləndir, belə də olmalıdır. Bununla yanaşı, fikirlər fonunda strateji olaraq illərin əziyyəti, keçilən yol, görülən işlər oyun epizodlarının kölgəsində qalmamalıdır.
Azərbaycan futbol mətbəxində tarixən uğur qazanan insanlara qarşı qısqanclıq olub, badalaq vurulub, geniş imkanlar olanda kampaniyalara əl atılıb. Təəssüf ki, bir çox hallarda istəklərinə nail olublar. Ölkə futbolunun üst səviyyədə olmamasının əsas səbəblərindən biri də belə halların olmasıdır.
"Qarabağ"ın timsalında, YERLİ MÜTƏXƏSSİS Qurban Qurbanovun bu səviyyəyə çatması sıradan bir hadisə deyil. Əməyi keçən, dəstək verən hər kəsə xüsusi təşəkkür düşür. Sübut olunur ki, yerli potensial mövcuddur, şərait yaradılacağı halda Azərbaycan futbolu qitədə öz layiqli yerini tuta bilər...
Taleyüklü AFFA konfransının keçirilməsinə həftələr qalıb. Yeni federasiya rəhbəliyi, İcraiyyə Komitəsi formalaşacaq. Çox məsuliyyətli dönəmdir, Azərbaycan futbolunun yaxın gələcəyi, milli-ideoloji, strateji olaraq 10-15 ilik fəaliyyət dövrü həll ediləcək. Bu sırada milli komandaya baş məşqçi seçimi, təyinatı da mühüm əhəmiyyət kəsb edəcək.
Futbol ictimaiyyətinin münasibəti birmənalıdır, yerli məşqçilərə üstünlük verilməlidir. Perspektivi görünən məşqçilərimiz yetişməkdədir. Hazırda isə Qurban Qurbanovun alternativi yoxdur. Bir dəfə yığmada çalışıb. Məlum hadisələrdən sonra, ola bilər düşüncələri fərqlidir. Ölkə futbolunun inkişafı naminə isə çox vacibdir...
Avropadakı uğurlardan sonra Qurban Qurbanova xarici klublardan, hətta yığma komandalardan təkliflərin gəlməsi, çoxalması müşahidə ediləcək. Olmaması mümkün deyil.
Təbii, seçim hüququ baş məşqçinin özünə və mqaviləsi davam edən klubuna məxsusdur.
Burada ən önəmli məqamlardan biri, "Qarabağ"ın ziyan çəkməməsidir... Vaxtilə Qurban Qurbanov millidən "yola salınanda" klub amili məqsədli, məkrli olaraq önə çəkilmişdi. Futbol baxımından müəyyən nüanslar olsa da, maneələr yaradılmasa, vahid komanda şəklində çalışılacağı halda, ortaq məxrəcə gəlinməsi mümkündür...
Milli komanda Azərbaycan futbolunun önəmli parçasıdır. Futbola ancaq kompleks yanaşılacağı təqdirdə, ümumi futbolun inkişafı düşünüləcəyi, işlək sistem, mexanizm yaradılacağı halda, istənilən effekti verə bilər. Bu sistemin yaradılması fonunda, əsas söz sahiblərindən biri, özünü təsdiq etmiş Qurban Qurbanovun olması vacibdir. Azərbaycan futbolu ancaq düşünən beyinlərin, milli-mənəvi dəyərlərə önəm verən bacarıqlı insanların sayəsində istədiyi, layiq olduğu zirvələrə ucala bilər!
Tahir Süleymanov