"Rəqibin zəif cəhətləri var, necə olacağını sabah görəcəyik" - Bədavi
"Bizi sabah çox çətin oyun gözləyir. "Budö Qlimt" hücumda və müdafiədə balanslı komandadır. Anlayırıq ki, hazırda xalımız yoxdur. Çalışacağıq ki, sabah ilk xallarımızı qazanaq və vəziyyəti öz xeyrimizə düzəldək".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Bədavi Hüseynov deyib.
Müdafiəçi UEFA Avropa Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində sabah Norveçdə "Budö Qlimt"ə qarşı keçiriləcək görüşlə bağlı düşüncələrini paylaşıb.
B.Hüseynov süni örtüklü meydançanın onlara problem yarada biləcəyinə işarə edib:
"Süni oynamağa öyrəşməmişik. Həm ot örtüyü, həm də doğma azarkeşlərinin qarşısında oynamaq "Budö Qlimt" üçün üstünlük olacaq. Onların "Portu"ya qarşı oyununu izləmişik. Təbii ki, rəqibin zəif cəhətləri var. Necə olacağını sabah görəcəyik".
33 yaşlı futbolçu əvvəlki matçlarda qələbə qazana bilməmələri barədə suala belə cavab verib:
"Mən də anlamıram. Hər dəfə daha yaxşı oyun nümayiş etdirməyə çalışırıq. Bəzən gözlənilməz hadisələr də baş verir. "Ayaks"la oyunda qırmızı vərəqə gedişatı dəyişdi. Eyni zamanda "Tottenhem"lə matça yaxşı başladıq. Əlimizə düşən qol vəziyyətlərindən istifadə edə bilmədik. Ümid edirəm ki, qarşıdakı oyunlarda vəziyyəti dəyişəcəyik".
"Budö Qlimt" - "Qarabağ" oyunu sabah Bakı vaxtilə saat 21:45-də start götürəcək.