"Əgər klub prezidenti Orxan Məmmədov bu siqnalı veribsə..."

"Əgər klub prezidenti Orxan Məmmədov bu siqnalı veribsə..."

"Zirə"nin müdafiəçisi Ruan Renato mediasport.az saytına müsahibə verib...


"Zirə" tarixində ilk dəfə "Qarabağ"a qalib gəldi. Bu da sənin yeni komandada debüt matçına təsadüf etdi. Fikirlərin maraqlıdır.

- Hər şeydən öncə, nəticədən razıyıq, özümüzü xoşbəxt hiss edirik. Çempionatın ilk oyunu həm çətin, həm də önəmli olur. Çünki buradan qazandığımız yaxşı nəticələr digər oyunlara təsir edə bilər. Bu baxımdan "Qarabağ"la matçda uğurlu nəticə qazandığımız üçün xoşbəxtik.

 Artıq "Zirə"yə adaptasiya olmusan, yoxsa hələ vaxt lazımdır?

- Adaptasiyam yaxşı keçdi. Bunun üçün həm məşqçi heyəti, həm də komanda yoldaşlarım kömək, dəstək oldular. Məqsədimiz oyundan-oyuna daha da yaxşılaşmaq və inkişaf etməkdir. Hər şey qaydasında gedir.

Klub rəhbərliyi "Qarabağ"la matçdan əvvəl də, sonra da kollektivlə görüşdü. Orxan Məmmədov saytımıza müsahibəsində bildirdi ki, avrokuboklar uğrunda mübarizə aparacağıq. Səncə, bunu edə biləcəksiz, yoxsa güclənməlisiz?

- Önəmli olan bütün komandanın yumruğu eyni yerə vurması, eyni düşüncə tərzində olmasıdır. Əgər klub prezidenti Orxan Məmmədov bu siqnalı veribsə, artıq biz də komanda olaraq oyundan-oyuna çalışmalıyıq ki, bu məqsədə doğru irəliləyək. 

Sabiq komandan "Qəbələ" avrokuboklarda "Omoniya" ilə görüşlərdə uğursuz çıxış etdi. Onların Nikosiya klubu ilə matçlarda 7 qol buraxmasını necə şərh edə bilərsən?

- Bu, bir növ başadüşüləndir. Çünki komanda bir çox futbolçularını buraxdı. Gedən oyunçular çox oldu. Bu halda, baş verənlər anlaşılandır. Üstəlik, rəqibləri də güclü komanda idi. Düşünürəm ki, "Qəbələ" toparlanıb çempionatda özünüyaxşı tərəfdən göstərə biləcək.

"Qəbələ" ilə "Zirə"ni necə müqayisə edərdin?

- İki fərqli oyun fəlsəfəsinə malik komandalardır. Deyə bilmərəm ki, hansına daha tez adaptasiya olmaq olar. "Qəbələ"də daha yaxşı adaptasiya olduğuma görə, düşünürəm ki, eynisini "Zirə"də həyata keçirəcəm. Biz artıq "Zirə" ilə yaxşı işlər görməyə başlamışıq. Ümidvaram ki, davam edəcək.


Elvin ƏHƏD