"Neftçi"li Rumıniyaya qayıdır? - "Futbolda hər şey mümkündür"
"Neftçi"nin braziliyalı müdafiəçisi Yuri Matias Rumıniyanın ÇFR klubuna mümkün qayıdışı barədə açıqlama verib.
Mediasport.az xəbər verir ki, braziliyalı məsələ ilə bağlı Rumıniyanın "Prosport.ro" saytına danışıb.
"Sambaçı" Kluj təmsilçisinə qayıdışının mümkün olduğunu deyib. O, hazırda "Neftçi" ilə hədəflərindən də söz açıb:
"Yayılan xəbərləri mən də oxumuşam, amma ÇFR-ə qayıtmağımla bağlı heç nə bilmirəm. Futbolda hər şey mümkündür. Bilirəm ki, məni təkcə ÇFR deyil, bütövlükdə Rumıniyada dəyərləndirirlər. Odur ki, fürsət düşsə, təbii ki, ora qayıdardım. Hazırda bu komandanın işi yaxşı deyil. Ümid edirəm ki, yenidən güclü olacaq. "Neftçi"yə gəlincə, özümü burada yaxşı hiss edirəm. Demək olar, hər matçda bacardığım qədər oynayıram. Bu mövsüm “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur, ona görə də ikinci yeri hədəfləyirik".
Xatırladaq ki, braziliyalı "Neftçi"yə ötən yay "ÇFR Kluj"dan keçmişdi. Onun "ağ-qaralar"la müqaviləsi isə 2025-ci ilin iyun ayına qədərdir.