Samir Abasovla Xaqani Məmmədovun cəzaları açıqlanıb

Samir Abasovla Xaqani Məmmədovun cəzaları açıqlanıb

AFFA İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu ikisi şərti olmaqla 5 oyunluq cəzalandırıb.

Mediasport.az xəbər verir ki, buna mütəxəssisin "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VI turunun matçında hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılması səbəb olub.

Abasova üç ay sınaq müddəti təyin edilib. "Gənclik şəhəri" təmsilçisi isə buna görə 4000 manat ödəməli olacaq. Bundan əlavə, qonaqların azarkeşləri meydana kənar əşyalar atdığı üçün "Sumqayıt" əlavə 800 manat cərimələnib.

Komitə "Zirə" fanatlarının da eyni hərəkətinə görə paytax klubuna 800 manat cərimə kəsib. "Qartallar"ın futbolçusu Pyer Zebli birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəza alıb, klub isə 1500 manat cərimələnib.

“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov isə hakimi təhqir etdiyi üçün cəzalandırılıb. 6-cı turun “Turan Tovuz”la səfər oyununa təsadüf edib.

2:2 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra baş hakimin ünvanına nalayiq ifadə işlədən mütəxəssisə AFFA İntizam Komitəsi tərəfindən 2 matç şərti olmaqla 5 oyunluq cəza kəsilib. Sınaq müddəti 3 ay təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı” vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.