"Neftçi" və "Qarabağ" çox güclü komandalardır" - Sergey Semak

"Neftçi" və "Qarabağ" çox güclü komandalardır" - Sergey Semak

"İsti qarşılanmaya görə təşəkkür edirəm. "Neftçi" ilə oynamaq xoş idi. Səfərə görə də rəqib komandamızın rəhbərliyinə minnətdaram".

Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında "Zenit"in baş məşqçisi Sergey Semak deyib.

Rusiya klubunun çalışdırıcısı 1:2 hesabı ilə məğlub olduqları matç haqqında danışıb, jurnalistlərin suallarını cavablandırıb.

- Mübariz yoldaşlıq görüşü oldu. Məncə, azarkeşlər də oyunu bəyəndi. Hamımız razı qaldıq. Yalnız oyunçumuz zədələndi. Amma hamı üçün yaxşı oyun praktikası oldu. Gənc oyunçulara özünü göstərmək üçün imkan verildi.


"Neftçi" uzun illər Rusiyada oynamış həmyerliniz Reziuan Mirzovun qolları ilə qələbə qazandı. Buna taleyin ironiyası demək olar ki, qapınıza qolları məhz o vurdu?

- İkinci qolu yaxşı vurdu. Gözəl qol münasibəti ilə onu təbrik edirəm. Meydana çıxan gənclərimiz həmin məqamda yaxşı performans göstərmədilər. Onu da nəzərə almaq lazımdır.

19 il əvvəl Bakıya futbolçu kimi gəlib "Neftçi"yə qarşı oynamışdız. Yəqin, yadınızda qalıb. Bundan başqa, vida matçını keçirmiş Ruslan Abışov Rusiyada legioner həyatı yaşayıb. Onu necə xatırlayırsız?

- Futbol elədir ki, vaxt gəlir, karyeranı bitirirsən. Azarkeşlər Ruslan Abışovu qolları və ötürmələri ilə xatırlayacaqlar. Bakı səfərinə gəlincə, bu, lap çoxdan olub. Bu barədə nəsə demək çətindir. Bakıya həmişə böyük məmmuniyyətlə gəlirəm.

Rusiya klubları UEFA və FİFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılıb. Bu, Rusiya futbolunun inkişafına necə təsir edir?

- Çox ciddi təsir göstərmədi. 90 faiz işimiz ölkə kuboku və ölkə çempionatıdır, avrokuboklar isə bonusdur. Orada oynamaq istəyərdik. Kifayət qədər ciddi yarışlardır. Klubların səviyyəsi də yüksəkdir. Vəziyyət hazırda belədir və öz işimizə fokuslanmışıq.

"Neftçi" ilə iki dəfə oynamısız artıq. Rəqibin hansı güclü tərəflərini qeyd edərdiz?

- "Neftçi" yaxşı komandadır. Keçən il mövsümü üçüncü pillədə bitiriblər, hazırda yuxarı pillələr üçün oynayırlar. Onlar Azərbaycan futbolunun ən populyar komandalarındandır. Bizdə də, Azərbaycanda da legioner baxımından eyni qaydalar var. Onlar inkişafa kömək edir. Milli komandanız da nəticə baxımından irəliləyir. "Neftçi" və "Qarabağ" çox güclü komandalardır, hansı ki, hər il öz səviyyəsini yaxşı mənada göstərir. Bu mənada, "Neftçi" ilə oynamaq, əməkdaşlıq etmək xoşdur. Ümid edirik ki, həm Azərbaycan, həm Rusiya futboluna töhvə verəcək.

Əvvəllər "Birlik kuboku" var idi və keçmiş sovet ölkələrinin klubları iştirak edirdi. Rusiya Futbol Federasiyasına təklif etmək olar ki, müttəfiq ölkələrin təmsilçiləri həmin kubokda iştirak etsin?

- Yaxşı ideyadır. Hər bir klub hazırlıq dönəmində yaxşı rəqiblər axtarır. Mən buna razıyam. Yayda keçirilmiş "MATÇ TV" kuboku da yaxşı səviyyədə keçirildi. Azərbaycan və digər ölkələrin klublarını ölkəmizdə görmək xoşdur.