"Bacardığımız qədər yuxarı yerlərə oynayacağıq, gücümüzə inanırıq"
"Sumqayıt" Azərbaycan Premyer Liqasına "Səbail" üzərində böyükhesablı qələbə ilə başlayıb - 4:1.
mediasport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasov səfər qələbəsi ilə bağlı sualları cavablandırıb.
- Mövsümə uğurlu başlamaq xoşdur. Futbolçularımı təbrik edirəm. Ağır şəraitdə oynadıq. Oyuna pis başlamadıq. İlk hissənin sonuna kimi matç bizim nəzarətimizdə idi. Sonra bir az panika hiss olundu. Bəzi futbolçularda yorğunluq da var idi. Hər cür epizodlar oldu. Futbolçular işlərinin öhdəsindən yaxşı gəldilər. Görək çempionatda başımıza nələr gəlir.
Komanda dünən birlikdə restoranda yemək yedi. Bəlkə qələbənin resepti budur? Hər matçdan əvvəl bunu edə bilərsiz?
- Baxarıq, nə bilim vallah. Bəlkə də nəyinsə köməyi oldu. Komadada fiziki güc tam olaraq bölünməyib. 10-15 gün əvvəl bizə qoşulanlar bu gün meydanda idi. Bəziləri yorulanda komanda yoldaşları onların yerinə qaçmalı olurdu. Sağ olsunlar, bunu etdilər. Taktiki cəhətdən də yaxşı deyilik. Cəmi iki yoxlama matçı keçirdik. Bu gün mübarizələri uduzmamaq önəmli idi.
Səbuhi Abdullazadəyə tez-tez irad bildirirdiz. Bu, nə ilə bağlı idi?
- Ondan gözləntilərimiz çoxdur. Uzun müddətdir komandadadır. Daha qətiyyətli olmağını istəyirdim. İki mövqedə oynadı. Bu gün məncə, Səbuhi ən yaxşılardan idi.
Mübahisəli penalti epizodları oldu. Bu haqda fikriniz necədir?
- Bu gün VAR sistemi var. Hakimin verdiyi qərara müdaxilə oluna bilir.
İlnur Valievin heyətdə olmamağının səbəbi nə idi?
- İlnur komandadan göndərilib. Bunun səbəbi də ona yerli pasport verə bilməməyimizdir. Üçüncü qapıçını legioner götürmək bizim kimi komanda üçün əlverişli deyil.
Yeni mövsümdə hədəfiniz nədir?
- Bacardığımız qədər yuxarı pillələr üçün oynayacağıq. Kubok da bizim kimi komandalar üçün yaxşı şansdır. Amma bu il çempionat çox gərgin olacaq. İlk üç yer, demək olar ki, artıq bölünüb. Çempionatda möhkəmlənmək istəyirik. Öz gücümüzə inanırıq.
Səbuhi Abdullazadə qol vurana qədər sanki çox həyəcanlı idi.
- Bu gün onu sol cinahda oynatdım. Zəif oynayır deyə, oyundan çıxarmaq düzgün olmazdı. İlk dəfədir o mövqedə oynayırdı. Səbuhini çıxarsaydım, gedişlər edə bilməyəcəkdim.
Sorqa meydanda qaldı və penaltini ona verdiz...
- Əksinə, mənə çox xoş təsir bağışladı. Uduzmaq istəməməyi, etdikləri bu gün mənim üçün yetərli idi. Penalti elədir ki, topu götürənə kənardan müdaxilə etsək, digəri vura bilməsə, özümüzü qınamalı olacağıq. Hələ ki, konkret penalti vuranımız yoxdur. O qədər işimiz olub ki, buna vaxt ayırmamışıq.