Səhər açıldı, amma bu, yuxu deyilmiş - "Qarabağ" REALLIĞI
Səhərin açılmağını səbirsizliklə gözləyirdim.
Açıldı, amma həqiqət imiş!
Açığı, axşam gördüklərimə, gözlərimlə tamaşa etdiklərimə inana bilmirəm hələ də.
Məsələ heç də qələbədə deyil. "Qarabağ" 2:4, yaxud 2:6 hesabı ilə uduza da bilərdi və buna kimsənin deyəcək çox sözü olmazdı.
Gözləntimiz məgər 4:2 hesablı qələbə idi? Əsla! İştah diş altındadır, bəli. Ancaq reallıq, həqiqət, Portuqaliya, Azərbaycan...
Bu da bir tarixdir. Yeni tarixin daha bir səhifəsi.
Tarixi qələbədir, bəli. Tarixi zəfərdir! Çox böyük, 1.55 sm boyu olan balacanın 2 metrdən hündürə tullanmasından da üstün uğur! Lakin...
Məni daha çox heyrətləndirən, bilirsiz, nə oldu?
Dünyanın futbol mərkəzlərindən, futbolçu satışlarından hər "transfer pəncərəsi" zamanı 100-milyonlarla pul qazanan Portuqaliyada dünyanın futbol xəritəsində mikroskopla görünən Azərbaycan - "Qarabağ" fırtınası məəttəl qoymuşdu, açığı.
Tarixdə qalacaq bu nəticələri gələcək nəsillər yazılardan, kitablardan, internetdən, filmlərdən və.s. oxuyub-görüb biləcəklər. Biz isə...
İlahi, biz bu canlı tarixin bir parçasıyıq, nə böyük səadət!
Adını tarixin səhifələrinə QIZIL HƏRFLƏRLƏ yazdıran Qurban Qurbanov, köməkçiləri, futbolçuları - ümumilikdə, "Qarabağ" FK ailəsi - ta başda əyləşən Abdulbari Gözəldən tutmuş Suraxanıdakı mərkəzi klub ofisinin təmizlikçisinə, qarovulçusuna qədər - əziyyəti keçən hamıya böyük təşəkkürlər düşür!
Saatlarla vəsf eləmək olar, haqlarıdır. Amma elə zəfərlər var ki, adam onu içində yaşayır və ifadə edəcək sözlər tapa bilmir.
Qurbanovun özü demiş, elədikləri tarixi QARABAĞ zəfərinin yanında kiçik bir iş olsa da, bu, Azərbaycanın idman ictimaiyyəti, futbol reallıqlarını dərk edən hər kəs üçün inanılmaz dərəcədə böyük uğurdur!
TƏŞƏKKÜRLƏR, "Qarabağ" FK!
Elvin ƏHƏD