"Bayer"in idman direktorundan EKSKLÜZİV videomüsahibə: "Bu nəticə bizimçün çox gözəl oldu"

"Bayer"in idman direktorundan EKSKLÜZİV videomüsahibə: "Bu nəticə bizimçün çox gözəl oldu"

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"a rəqib olan Almaniyanın "Bayer" klubunun idman direktoru Simon Rolfes Mediasport.az saytına EKSKLÜZİV müsahibə verib.

Ötənlərin məşhur futbolçusu Azərbaycan çempionu ilə dünən Bakıda baş tutan və 2:2 hesabı ilə başa çatan görüşdən sonra fikirlərini bölüşüb.

O, Azərbaycan çempionundan belə oyun gözlədiklərini deyib:

"Qarabağ" çox güclü komandadır, bunu qrup mərhələsindən də bilirdik. Çox intensiv oyun keçdi. "Qarabağ" çox gözəl oyun nümayiş etdirdi, yaxşı hazırlaşmışdılar. 0:2-dən sonra oyunu dəyişə bildik. İlk qolumuzu fantastik hesab edirəm. Rəqib hesabı artırmağa və qələbə qazanmağa çox yaxın oldu. Ona görə bu nəticə bizim üçün çox gözəl oldu".

O, bir həftə sonra Almaniyada baş tutacaq cavab qarşılaşması haqda bunları qeyd edib:

"Təbii ki, evdə oynacağımız üstünlük hesab edilə bilər. Daha inamlı oynamağımız baxımından üstünlük sayıram bunu. Bundan istifadə edib qələbə qazanmağa çalışmalıyıq, ancaq "Qarabağ" çox güclüdür. Yəni, yalnız ev amili üstünlüyünə güvənmək olmaz".

Qeyd edək ki, Rolfes 2005-2015-ci illərdə Leverkuzen təmsilçisinin formasını geyinib, 2007-2011-ci illərdə Almaniya milli komandasında 26 oyun keçirib, 2 qol vurub.