Süleyman Şükürovdan dünya çempionatında bürünc medal
Azərbaycan cüdoçusu Süleyman Şükürov Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatında uğurla çıxış edib.
Mediasport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan millimizin üzvü bürünc medal qazanıb.
İdmançımız müvafiq olaraq Mixaylo Sim (Serbiya), Senq-Min Kim (Koreya) və Coşua De Lanqı (Niderland) məğlub edərək yarımfinala yüksəlib.
Final yolunda Jianq Nan Vanqa (Çin) uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə Məhəmməd Yusufzadədən (Tacikistan) güclü olub.
90 kq-da Aslan Kotsoyev yarışa Amir Çopan (İran) üzərində qələbə ilə başlayıb, daha sonra Şahzod Şaripov (Özbəkistan) və Markos Martines Koini (İspaniya) məğlub edərək 1/4 finala çıxıb.
Uğurlu seriyanın davamını gətirə bilməyən Kotsoyev 1/4 finalda Komei Kavabataya (Yaponiya), təsəlliverici görüşdə isə Anri Ovusuya (İtaliya) uduzub.
Eyni çəkidə Tuncay Şamil ikinci mərhələdən mübarizəyə başlayıb və Yeqor Malkinə (IJF) məğlub olaraq mübarizəni medalsız başa vurub.
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə Nizami İmranov (60 kq) və Aydan Vəliyeva (52 kq) medal qazana bilməyib.