"Turan Tovuz" azarkeşləri klubu 1500 manat ziyana salıblar
AFFA İntizam Komitəsi 4 klubu cərimələyib.
Mediasport.az xəbər verir ki, buna səbəb Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan görüşlərdəki neqativ hallar olub.
"Sabah"la görüşdə 4 futbolçusu sarı vərəqə alan "Kəpəz" 700 manat cərimələnib. Eyni zamanda, "Kəpəz" azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "sarı-göylər" daha 500 manat ziyana düşüblər.
"Araz-Naxçıvan"la qarşılaşmaya yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyindən, "İrəvan" 100 manat cərimə olunub.
"Turan Tovuz"la oyunda 4 futbolçusunun sarı vərəqə alması "Zirə"ni 700 manat xərcə salıb. Görüşün 10-cu dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilməsinə görə qərb təmsilçisi 1500 manat cərimələnib.
Eyni zamanda, qərar alınıb ki, "Neftçi" ilə səfər matçında qonaq komandanın paltardəyişmə otağına dəymiş zərər "Qaradağ Lökbatan" tərəfindən ödənilsin.