"O, 3 həftə oynaya bilməyəcək" - "Turan Tovuz" ciddi itki ilə üzləşib
"Təəssüf ki, "Sabah"la yoxlama matçında zədə alan Roderik Miller azı 3 həftə komandamıza kömək edə bilməyəcək. Ondan başqa, Sadiq Quliyevin də zədəsi var. Komandada ab-hava ümumən qaydasındadır".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib.
Gənc mütəxəssis bildirib ki, zədəlilər olsa da, komandada alternativlər var və bunun üzərində çalışırlar: "Miller və istənilən futbolçumuzun itkisi bizim üçün çətindir. Buna rəğmən, ehtiyat variantlarımızı gözdən keçiririk. Hazırlığımız davam edir. "Qəbələ" ilə matça da maksimum nəticə üçün çıxacağıq".
Abbasov 2 il futboldan uzaq qalmış Budaq Nəsirovun hələ tam formaya düşmədiyini qeyd edib: "Budaq əvəzedici komandada oynayır, məşqlərini davam etdirir. Nə vaxt görsək ki, tam hazır formaya düşüb, onda əsas heyətə cəlb edəcəyik. Hələ çox çalışmalıdır. Onu başa düşürük, futboldan kifayət qədər uzaq qalıb".
Qeyd edək ki, Tovuz klubu Premyer Liqanın 6-cı turu çərçivəsində sentyabrın 17-də doğma meydanda "Qəbələ"ni qəbul edəcək.
Qərb klubu 5 turdan sonra 9 xalla 2-ci pillədə qərarlaşıb. Qəbələlilər isə 1 qələbə ilə sonuncu pillədə yer alıblar.