"Türkiyə klublarından birinə keçməyi planlaşdırırdım" - MİRZOV
"Neftçi"nin yarımmüdafiəçisi Reziuan Mirzov bu ilin yayında Türkiyə klublarından birinə keçməyə yaxın olduğunu açıqlayıb.
Mediasport.az xəbər verir ki, rusiyalı bu barədə ölkəsinin "Sport Ekspress" nəşrinə müsahibəsində deyib.
"Ağ-qaralar"ın 30 yaşlı futbolçusu öncədən legioner həyatı yaşamaq istədiyini söyləyib:
"Ximki" ilə olan müqaviləm başa çatanda qarşıma yeni məqsəd qoydum: Avropaya getməli və karyeramı oradakı klublardan birində davam etdirməliydim. Legioner həyatı yaşamaq istəyirdim. Yayda Türkiyə, Yunanıstan, Kipr klubları ilə danışıqlar apardıq.
Türkiyə təmsilçilərindən birinə keçməyə yaxın idim. "Neftçi" transfer pəncərəsinin son günlərində mənə təklif göndərdi. Açığı, Türkiyə klublarından birinə keçməyi planlaşdırırdım. Yekunda "Neftçi"yə keçidim rəsmiləşdi və Azərbaycana gəldim".
Mirzov paytaxt təmsilçisinə azad agent kimi keçib. O, cari mövsüm 10 oyuna çıxıb və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.