Xorvatlar "Zirə"dən yazdılar: "Çox ciddi və yüksək keyfiyyətli rəqibdir"
UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq Xorvatiyanın “Osiyek” klubunun rəsmi saytında Azərbaycan təmsilçisi haqda məqalə dərc olunub.
Mediasport.az xəbər verir ki, yazıda "qartallar"ın heyətində yer alan futbolçuların keyfiyyəti və komandanın kifayət qədər güclü olması qeyd edilib.
Rəşad Sadıqovun baş məşqçisi olduğu qəsəbə klubunun "Osiyek"in əvvəlki raundda qarşılaşdığı "Levadiya"dan (Estoniya) daha səviyyəli olduğu vurğulanıb:
"Növbəti turda Azərbaycan çempionatında ikinci yeri tutan “Zirə” ilə oynayacağıq. Slovakiyanın “DAK 1904” komandası ilə ilk oyunda azərbaycanlılar 4:0 hesablı inamlı qələbəni bayram edəndə artıq bunun siqnallarının almışdıq. Azərbaycan klubunun heyətində Portuqaliya, Braziliya, Ruanda, İtaliya, Nigeriya, Ukrayna, Niger, Qvineya, Gürcüstan və Kot-d'İvuardan olan futbolçular yer alıb.lar. Dünyanın müxtəlif yerlərindən toplanmış çox rəngli kollektivdir. Təbii ki, onlar əsl güclü komanda yaradıblar. Şübhəsiz ki, “Zirə” çox ciddi və yüksək keyfiyyətli rəqibdir. Onların səviyyəsi “Levadiya”dan yüksəkdir".
Xatırladaq ki, "Zirə" və "Osiyek" komandaları arasında ilk görüş avqustun 8-də Xorvatiyada keçiriləcək, cavab matçı 15-də Bakıda baş tutacaq.