"Yeni baş məşqçimizin tələblərini yerinə yetirmək üçün çalışırıq"
"Yavaş-yavaş kollektivə uyğunlaşıram. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Komandanın bir üzvü olaraq, hər oyuna uğurlu nəticə qazanmaq üçün çıxıram".
Mediasport.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında "Kəpəz"in qapıçısı İqor Rodriges deyib.
Gəncəni çox bəyəndiyini deyən portuqaliyalı qolkiper yeni baş məşqçidən danışıb, meydana yalnız qələbə üçün çxıdığını bildirib:
"Yeni baş məşqçimizin futbol fəlsəfəsini başa düşməyə çalışırıq. Onun bizdən istədikləri var. Tələbləri yerinə yetirmək üçün üzərimizdə işləyirik. Buna da müəyyən vaxt lazımdır. Gəncəni çox bəyənirəm, gözəl şəhərdir. Gəzdikcə çox şeyi kəşf edirəm. Buradakı tarixi yerlər xoşuma gəlir. İnsanlar qonaqpərvərdirlər. İdmanı çox sevirəm. Təkcə futbolu yox. Gəncədə yerli basketbol komandasının oyununa getmişəm. Voleybola getmək imkanım olmayıb. Vaxtım çatsaydı, bütün görüşlərdə azarkeş kimi tribunada yer almaq istərdim".