"Bu əməliyyat Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı" - Tahir Gözel
“Qarabağ” Futbol Klubu ilə idman mətbuatının nümayəndələri arasında görüş keçirilib.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun prezidenti Tahir Gözelin təşəbbüsü və iştirakı ilə baş tutan tədbirdə Mətbuat Şurasının rəhbəri Rəşad Məcid, “Qarabağ” rəhbərliyi, KİV nümayəndələri qatılıb.
Görüş Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri açıq elan edən Tahir Gözel Azərbaycan Ordusunun antiterror əməliyyatını möhtəşəm uğur adlandırıb: “44 günlük böyük zəfərin ardından Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması məqsədilə ordumuz tərəfindən cəmi 23 saat çəkən lokal xarakterli antiterror əməliyyatı həyata keçirilib. Bu əməliyyat Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Azərbaycan ordusunun Qarabağdakı separatçı rejimə və oradakı qeyri-qanuni erməni silahlı qüvvələrə qarşı apardığı lokal xarakterli anti-terror əməliyyatı növbəti dəfə Azərbaycan dövlətinin möhtəşəm zəfəri ilə nəticələndi. Bir günlük əməliyyat Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin təslim olmasına kifayət etdi və Yevlax görüşü ilə nəticələndi. Qarabağ Azərbaycandır! Böyük bir uğurdur, möhtəşəmdir”.
Klub prezidenti Avropa Klublar Birliyinin (European Club Association) Berlində keçirilən Baş Assambleyasında qurumun 2023-2027-ci illər üçün İcraiyyə Komitəsinə üzv seçilən klubumuzun baş menecerimiz Asif Əsgərovu təbrik edib. Beynəlxalq futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı kimitarixə düşən funksionerin uğuruna toxunub: “Qarabağ" bir çox rekordlara imza atıb. Klubumuz təkcə yaşıl meydanlarda deyil, həm də kənarda da uğurları ilə seçilməyə davam edir. Bu, hər kluba nəsib olmur. O, 2017-ci ildə bu qurumda çalışmağa başlayıb, İşçi Qrupa düşüb, katib olub. Öz zəhməti, iradəsi ilə seçilib. O, PSJ-nin prezidenti Nasser Əl-Xələfinin tövsiyəsi ilə namizədliyini irəli sürüb. Bu, çox böyük uğurdur, Azərbaycanın gücü elə budur”.
Tahir Gözel Anar Hacıyevin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə danışıb: “Qarabağ”a yaraşan, layiq bir şəxsiyyətdir. 13 il “Qəbələ”də çalışıb. Hazırda Barselona Cruyff İnstitutunda İdman marketinqi və sponsorluq ixtisası üzrə magistr dərəcəsi üzrə təhsilini davam etdirir. “Qarabağ” barışçı, humanitar, mənəvi, əxlaqi tərəflərimizi dünyaya göstərən simvoldur. Arzum odur ki, gənclərimiz “Qarabağ”dan ilham alsınlar, cəsarətlənsinlər. Anar Hacıyevin “Qarabağ”a keçidi prosesi zamanı “Qəbələ”nin prezidenti Fariz Nəcəfovla məsləhətləşdik. Fariz Nəcəfov sağ olsun, Anar Hacıyevin də istəyini nəzərə alaraq, bu keçidə etiraz etmədi. Fariz Nəcəfov könüllü müharibəyə gedib və döyüşüb. Qarabağ onun ürəyində olduğu kimi, o da bizim ürəyimizdədir”.
Tahir Gözel “Qarabağ”ın əldə etdiyi uğurlardan da bəhs edib: “Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrupuna düşüb. Bu, çox böyük uğurdur. Bunu qavramaqda möcüzədir. Ulu Öndər Heydər Əliyev atam Abdulbari Gözələ dedi ki, “Qarabağ” klubuna dəstək çox önəmlidir. Klubumuzda Ulu Öndərin nəfəsi, “Azersun Holdinq”də çalışan 17 min insanın zəhməti, əməyi var”.
Rəşad Məcid “Qarabağ”ın Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etməsinin önəmini vurğulayıb: “Qarabağ”ın gördüyü işlər, xidmətlər hörmətə, ehtirama layiqdir. Klub rəhbərliyi, onu idarə edənlər, əfsanə olan baş məşqçi Qurban Qurbanov Azərbaycan tarixində qalacaq insanlardır. 2009-cu il iyulun 23-də “Qarabağ” “Rusenborq”u qəbul edirdi. Səfərdə 0:0 hesabı qeydə alınmışdı. Cavab görüşü Ağdamın işğalı gününə təsadüf edirdi. Həmin vaxt demişdim ki, 1:0 udacağıq, qolumu da adaşım Rəşad Sadıqov vuracaq. Belə də oldu. “Qarabağ”ın o vaxtdan başlayan irəliləyişi, qələbələri bizi sevindirdi, özünəinam hissi yaratdı. “Qarabağ”ın təbliğatı heç milyonlarla təbliğata qoyulan vəsait edə bilməz. Dünyanın ən böyük şəhərlərinin komandaları ilə oynayırdı. “Roma”, “Çelsi”, “Atletiko” ilə birlikdə “Qarabağ” da var idi. Dünən “Qarabağ” Avropada tanınmış, böyük maliyyəyə malik “Molde”ni məğlub etdi. Zəfərimizə ən yaxşı töhfələrdən oldu”.
Klub rəhbəri jurnalistlərə akademiya ilə bağlı planları da açıqlayıb: “Tezliklə böyük akademiya layihəsinin icrasına başlanacaq. “Qarabağ” adına layiq, heç bir qüsuru olmayan, yüksək səviyyəli futbolçuların yetişəcəyi akademiya açılacaq. Akademiyanın inkişafında baş məşqçi Qurban Qurbanovun bizim yanımızda olması lazımdır. İşə münasibəti, yanımızda olması vacibdir. Akademiyanın durumundan narazıyıq, lakin yüksək səviyyəli akademiyanın qurulması üçün bizim böyük torpaq sahəmiz olmalıdır. İstəyirik ki, akademiyada hər cür şərait yaradaq, 4-5 məşq meydançamız olsun, ən istedadlı futbolçuları yetişdirə bilək. Biz dövlətdən torpaq sahəsi istəyirik. Qaraçuxurda belə bir torpaq sahəsinə baxmışıq, amma oranın ixtiyarımıza verilməsi lazımdır. Aftandil Hacıyevin “Qarabağ” akademiyasının koordinatoru vəzifəsinə təyinatından sonra irəliyə doğru inkişaf hiss olunur. Amma bu, tam bizim istədiyimiz səviyyədə deyil. Ona lazımi şəraiti yaratmalıyıq”.