"0:4-ə baxmayaraq, komanda meydanda əlindən gələni etdi"
"Uşaqların yaxşı motivasiyaları vardı. Düzdür, 3 gün bundan qabaq "Lerik"lə səfər matçı oynamışdıq. Buna görə istər-istəməz yorgunluq da öz sözünü deyirdi. Amma sizə deyim ki, futbolçularımız heç də pis oynamadılar".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan 2-ci Liqasında yarışan "Cəbrayıl" klubunun baş məşqçisi Cavid Hüseynov deyib.
Gənc mütəxəssis Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin MOİK-lə oyunu haqda danışıb
O, 0:4 hesablı məğlubiyyəti şərh edib: "Hətta ilk 15 dəqiqədə 2-3 qol şansımız vardı, yararlansaydıq, daha fərqli nəticə əldə edə bilərdik. Sadəcə, bu, olmayınca və penaltidən qapımıza vurulan ilk qoldan sonra uşaqlarda motivasiya bir az aşağı düşdü.
Növbəti qollar da hücuma atılmağımız və rəqibin əks-hücumlarda bizi yaxalamağının nəticəsində oldu. Ümumilikdə bu oyuna əsasən müqayisə aparsaq, 0:4-ə baxmayaraq, komanda meydanda əlindən gələni etdi. Futbolçuların mübarizliyi, istəyi, oyunda göstərdikləri performans sözün açığı, xoşuma gəldi. Məlum məsələdir ki, I və II Liqa komandaları arasında ustalıq səviyyəsində fərq olmalıdır".