"Əvvəllər öncəliyimiz Qarabağ idi, indi Turan" - Tovuz klubunun yeni sponsoru
"Turan Tovuz”un “Huner Group”la sponsorluq müqaviləsi bağlaması haqda məlumat vermişik. Mərasimdən sonra mətbuat konfransı keçirilib.
mediasport.az saytının Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, şirkətin təsisçisi Ehtiram Quliyev maraqlı açıqlamalar verib.
"Huner Group”un sponsorluğu klubun akademiyasını da əhatə edəcək?
- Sponsorluğumuz uzun müddətə, 4 il yarımlıq nəzərdə tutulub. Tək əsas komanda deyil, bölgədə futbolun inkişafını düşünürük. Fəaliyyətimiz akademiyanı da əhatə edəcək. Prioritetimiz akademiyadır. İdman nailiyyəti azarkeşlər üçün əhəmiyyətlidir. Amma uzun perspektivdə baxanda akademiyanın işlərinə daha ciddi yanaşacağıq. Bir neçə il sonranı düşünürük.
Maliyyə detallarını açıqlaya bilərsiz?
- Gizlilik öhdəliklərimizin biri sponsorluğun maliyyə həcmidir. Göstərilən məbləğlər bizim üçün sərhəd deyil. Ehtiyaca görə əlavə maliyyə, digər sponsorların cəlbinə də baxırıq. Genişmiqyaslı yanaşırıq. İdarəetmədə köməkliklər etməyi planlaşdırırıq. Qarşılıqlı əməkdaşlıq edəcəyik.
Sponsor klubun qarşısına məqsəd qoyur - "Turan Tovuz”un hədəfi nədir?
- Mərhələli inkişaf planımız var. Maliyyə ilə hər şey həll olunmur. İdman nailiyyəti daha sonra düşünülən məsələdir. Allah nəsib edərsə, bu da olar. Məqsədimiz peşəkar idarəçilik strukturu yaradılmasıdır. Sponsorluq müqaviləmiz bitəndən sonra da bəhrə verəcək gənclərə yatırım etmək istəyirik. İdman nailiyyəti də olarsa, çox gözəl!
Şirkətiniz klub rəhbərliyində təmsil olunacaq?
- İdarə Heyətində iki üzvümüz olacaq. Klub təklif etdi, biz də qəbul etdik. Özümüz də, könlümüz də, ruhumuz da daim “Turan Tovuz”un yanındadır. Daha sonra yenə müzakirələrimiz olacaq. Nə dəstək lazım olsa, edəcəyik.
AFFA rəhbərliyindən heç kimin bu tədbirdə təmsil olunmaması nə ilə bağlıdır?
- Danışıqlar apardığımız müddətdə AFFA ilə də müzakirələrimiz olub. Dövlətimizin dəstəyini hiss etmişik. Tədbirdə olmamaları əməkdaşlıqda rol oynamadıqları demək deyil. Ölkə futbolunda son dönəmlərdəki yanaşmaılar sponsor olmağımızda başlıca səbəblərdən biridir.
“Turan Tovuz”un avtobusu yoxdur. Sponsor olaraq bu məsələni nəzarətə götürəcəksiz?
- Təbii ki. Buradan tərəfdarlara səslənirəm. Futbol təkcə ekran qarşısında izlənib nailiyyətə sevinmək deyil. Azarkeşləri “100k” layihəsinə dəstək olmağa səsləyirəm. Mövsümün sonunda əlavə dəstək lazım olsa, biz tamamlayacağıq. Amma azarkeşlərə demək istəyirəm ki, dəstəyin böyüyü kiçiyi olmaz.
Digər klublara da zaman-zaman şirkətlər sponsorluq ediblər və bəzən uğurlu olmayıblar. Bu, sizi nə dərəcədə çəkindirdi?
- Futboldur. Tək idarəetmə ilə olmur. Bəzən şans da lazımdır. Bura idman nailiyyəti üçün gəlməmişik. Bu il, gələn il, sonuncu olsaq belə, sponsorluq müqaviləmiz qüvvəsində qalacaq. Daim “Turan Tovuz”un yanında olacağıq. Könüllü şəkildə əlimizdən gələni edəcəyik.
Ölkə futbolunda ciddi sponsor problemi var. Uzun müddət sonra bu sahəyə yatırım edən ilk şirkət “Huner Group”dur. Digər iş adamaları üçün bu sahəyə yönəlməyə nə çatışmır?
- Dəyərlər ölçülə bilinmir. Azərbaycan iqtisadiyyatı yeni qurulub. 30 il azdır. Şirkətlərə səslənirəm. Sponsorluq könül işidir, qarşılıqsızdır. Şirkətin sosial məsuliyyət prinsiplərinə riayət etdiyinə görə marka dəyərində artım nəzərdə tutulur. Arzu edərim ki, digər sponsorlar da olsun. Belədə daha ciddi rəqabət yarancaq. Digər bölgələrdən iş adamlarının da əlini daşın altına qoyacağına ümid edirik.
Stadionda tablo və işıqlandırma sisteminin qurulacağı gündəmdədir?
- Ən qısa zamanda o işlərlə bağlı təkliflər alacağıq. Maliyyə imkanlarına da baxmaq lazımdır. Aktual görünür. Azarkeş kimi gələndə ilk tablonun olmaması gözümə dəydi. Amma həll olunması lazım olan digər məsələlər də var.
Azərbaycan futbolunda “Azersun Holdinq”in “Qarabağ”a sponsorluğu kimi müsbət nümunə də var. Siz də buna ümid edirsiz?
- Məhz ona görə 4 il yarımlıq müqavilə imzaladıq. Keçici layihə olaraq baxmadıq. Uzunmüddətli yanaşmamızın olacağını istəyirik. Baş məşqçi, klub rəhbərliyi ilə müzakirələrimizdə hər şey uzun müddətə hesablanıb. Köklü həllərə ehtiyacımız var. “Qarabağ” kimi gözəl nümunə var. O da uzunmüddətli planın nəticəsidir. Əlimizdən gələni edəcəyik ki, ardı gəlsin.
Tovuzlu olmasaydız, “Turan Tovuz”a sponsorluq edərdiz?
- Seçimimizdə başlıca amillərdən biri klubun adının “Turan” olmasıdır. Bu, sadəcə ad deyil, fəlsəfədir. Böyük ehtimal yenə seçərdik. Tovuzun başqa klubu olsaydı, düşünməyə vadar edərdi. Bu adın altında birləşməmək, dəstək olmamaq mümkün deyil. Əvvəllər öncəliyimiz "Qarabağ" idi. Cənab prezidentimizin rəhbərliyi ilə bunu həll etdik. İndi öncəliyimiz Turandır.