"Milli komandalarımız və ölkəmizin qadın futbolu adına tarix yazdıq"
"Portuqaliya ilə pley-off mərhələsində oyunlar barədə fikir bildirmədən öncə komandamız haqda danışmaq istəyirəm. Əslində, biz son bir il yarım ərzində böyük uğurlar qazandıq. Çətinliklərin öhdəsindən gəldik və bu yerdə qərarlaşdıq".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə deyib.
Hücumçu yığmamızın UEFA Millətlər Liqası və Avropa çempionatındakı çıxışından söz açıb, keçirdikləri oyunlarda təcrübə qazandıqlarını diqqətə çatdırıb:
"Avropa çempionatının pley-off mərhələsinə qədər irəlilədik. Düşünürəm ki, əlimizdən gələn hər şeyi etdik. Millətlər Liqasının C qrupunu məğlubiyyətsiz lider kimi tamamladıq və B qrupuna yüksəldik. İsveçrə, Macarıstan, Türkiyə kimi rəqiblərin arasında 4 xal yığıb növbəti mərhələyə - pley-offa vəsiqə qazandıq. Bu raundda rəqibimiz Portuqaliya oldu. Bizə düşə biləcək ən çətin rəqib onlar idi. Hər iki qarşılaşmada məğlub olsaq da, çox böyük təcrübə topladıq".
Forvard Portuqaliya kimi futbol ölkələrinin nümunə olduğunu vurğulayıb:
"Futbolun inkişafı, gələcəkdə üz-üzə gələcəyimiz rəqiblərlə oyunlar üçün Portuqaliya kimi rəqiblərdən çox şey öyrənə bilərik. Uduzsaq da, müsbət tərəfləri oldu. Pley-offa qədər gəlib çatmağımızın özü böyük uğurdur. Portuqaliya millisinin üzvlərinin hər topa toxunuşunda onların kiçik yaşlarından futbol oynadıqları hiss edilirdi. Sanki bu istiqamətdə məktəbləri var. Oyunçuların anlaşmaları, topa toxunuşları, tez qərar verməkləri - bunlar Avropada, Portuqaliya kimi ölkələrdə futbolun necə inkişaf etdiyindən xəbər verir".
Sevinc Cəfərzadə daha böyük uğurlara imza atmaq üçün zamana ehtiyac duyduqlarını söyləyib:
"Düşünürəm ki, bacardığımızı etdik. Bundan sonrasını bacarmaq üçün çox şeyə ehtiyacımız var. Xüsusilə də zamana. Məncə, çıxışımızla Azərbaycan milli komandaları, ölkəmizin qadın futbolu adına tarix yazdıq. Bunun üçün çox şadam. İsveçrə və Portuqaliya ilə oyunlarda 3-4 qol buraxsaq da, ölkəmizi bacardığımız qədər layiqincə təmsil etməyə çalışdıq. Rəqiblərin gücləri adlarındən bəllidir. Məğlub olsaq da, sona qədər mübarizə əzmini sona qədər qoruyub saxlaya bildik. Bu cür görüşlər növbəti oyunlarda bizim yaxşı oynamağımıza kömək olacaq".
Qeyd edək ki, tarixində ilk dəfə qitə birinciliyinin final mərhələsinə yüksəlmək imkanı qazanan Siyasət Əsgərovun komandası birinci pley-off matçında Portuqaliya yığmasına Bakıda 1:4, səfərdə 0:4 hesabları ilə məğlub olub.
Rövşən ƏLİSOY