Əməkdar məşqçi Ramiz Hacıyev böyük futbolu Şirvana qaytardı - 20 ildən sonra ilk RƏSMİ OYUN olacaq

Əməkdar məşqçi Ramiz Hacıyev böyük futbolu Şirvana qaytardı - 20 ildən sonra ilk RƏSMİ OYUN olacaq

Böyük futbol 20 ildən sonra Şirvana qayıdır.

1980-ci ildə "Energetik"lə Azərbaycan çempionu olmuş Əməkdar məşqçi Ramiz Hacıyev, az da olsa, istəyinə çatmaq üzrədir.

İllərdir Azərbaycan futboluna xidmət edən mütəxəssisin sayəsində şəhərin "Şirvan OİK" klubu gələn həftə start götürəcək Azərbaycan Həvəskarlar Liqasında iştirak edəcək.

Ramiz Hacıyevin təşəbbüsü ilə yeni yaradılan kollektiv 20 ildən sonra yenidən Azərbaycan çempionatında mübarizəyə başlayacaq.

Şirvan təmsilçisi ilk matçını aprelin 27-də doğma meydanda Ağcabədinin "Olimpiya" klubuna qarşı keçirəcək.

Azərbaycan futbolunda tanınmış, iz qoymuş bir çox məşhur futbolçunun yetişməsində birbaşa əməyi olan Əməkdar məşqçi bu gün həm də 68 yaşını qeyd edir.

Tərlan Əhmədov, Vadar Nuriyev, Əli Abışov, Elmir Xankişiyev, Müşfiq Kərimov kimi məşhurların adlarını çəkmək kifayətdir - Onların hamısı məhz Ramiz Hacıyevin rəhbərliyi altında yetişərək Azərbaycan futboluna xidmət edib.

Yorulmaq bilməyən təcrübəli mütəxəssis bu gün də Şirvanda futbolun inkişafı, yeni nəslin yetişməsi üçün əlindən gələni edir.

Mediasport.az


Keçmiş FİFA referisi, "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov səbəbkarın ad günü münasibətilə bağlı paylaşım edib:

"Ramiz Hacıyev Şirvan (Əli Bayramlı), Azərbaycan futbolunun fədailərindən biridir. Bu gün də çətinlikıərə baxmayaraq, yorulmadan, usanmadan ölkə futboluna xidmət edir, uşaq, yeniyetmə, gənc istedadlı, bacarıqlı oyunçuların yeyişməsində öz əməyini əsirgəmir...

Ramiz müəllim Şirvan şəhərində futbolun yaşaması naminə həyatını həsr edi(b)r. Şəhərdə ən parlaq futbol dövrü 80-ci illərə təsadüf edir.

O dönəmdə "Energetik" Azərbaycan futbolunda aparıcı klublardan biri sayılır, komanda Respublika çempionluğunu qazanır, kuboku başı üzərinə qaldırırdı. O illərdə Şirvan futbolu haqsızlıqla da üzləşmişdi, çempion kimi SSRİ ll liqasına vəsiqə qazanmasına baxmayaraq, "Energetik" idman prinsiplərinin pozulması sayəsində, bu imtiyazdan məhrum edilmişdi.

Əsas və ən önəmli məqamlardan biri, heyətdə çıxış edən futbolçuların hamısı yerli oyunçular, öz yetirmələri idi. Əzmkar, aqressiv, öz dəsti-xətti olan, məğlubiyyəti qəbul etməyən, rəqiblərdən çəkinməyən komanda formalaşmışdı. Stadionda tribunaları dolduran Şirvan azarkeşləri də çox tələbkar idilər...

Əli Bayramlı futbol məktəbi Səmədağa Şıxlarov, Tərlan Əhmədov, Vadar Nuriyev və digər futbolçular yetişdirmiş bölgədir. "Energetik" müstəqillik illərimizdə güclülər dəstəsində çıxış etmiş ilk klublarımızdan olub. Təəssüf ki, bir çox komandalar kimi baxımsızlıqdan, şəraitsizlikdən, 90-cı illərin ikinci yarısında klub süquta uğrayıb. Bu illər ərzində futbol şəhəri sayılan Şirvan neçə-neçə istedad bəxş edə bilərdi Azərbaycan futboluna...

Şirvan şəhər stadionunun inşasının, yenidənqurma işlərinin yarımçıq qalmasına, şəraitsizliyə baxmayaraq, "Energetik"in tarixi uğurlarında əvəzsiz xidmətləri olan Ramiz Hacıyev həvəsdən düşmür, bu gün də region futbolu adına əməyini əsirgəmir...

Ramiz müəllim sadə, yüksək insanlıq keyfiyyətləri ilə seçilən, futbolu dərindən bilən, çiyinlərində illərin təcrübəsi olan futbol bilicilərimizdəndir. Yeni AFFA rəhbərliyi bölgə futbolunun dirçəlməsinə xüsusi diqqətin ayrılması ilə yanaşı, Ramiz Hacıyev kimi mütəxəssislərin əməyindən yararlanmalıdır.

Bu gün dəyərli Ramiz müəllimin ad günüdür.

Şirvan futbolunun ayaqda qalmasında misilsiz xidmətləri olan qardaşımızı təbrik edir, Şirvan futbolunun yenidən dirçəlməsini, layiq olduğu yerlərə çatmasını arzu edirəm. Yorulmayasınız, Ramiz müəllim!".