"Həmin təklifləri dəyərləndirməyi lazım bilmədim" - MÜSAHİBƏ

"Həmin təklifləri dəyərləndirməyi lazım bilmədim" - MÜSAHİBƏ

Mediasport.az “Qarabağ” Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyevin geniş müsahibəsini təqdim edir.


Ötən ilin bu günləri "Qarabağ" Futbol Akademiyasına koordinator kimi təyinatınız baş tutdu. Maraqlıdır, Premyer Liqada baş məşqçi kimi görməyə alışdığımız Aftandil Hacıyev necə oldu ki, bu qərarı verdi?

- Açığı, belə bir təklif gözləmirdim. Premyer Liqa klublarından baş məşqçi kimi təkliflər alacağıma ümid edirdim. Gözləntilərimin özünü doğrultduğunu demək olar. Çünki təkliflər oldu. Amma həmin təkliflər "Səbail"də olduğum son mövsümdəki vəziyyətdən heç də fərqlənmirdi. Ona görə dəyərləndirməyi lazım bilmədim. Bu anda "Qarabağ"dan mənə müraciət oldu. Çox düşündüm, çox götür-qoy etdim. Rəhbərlik fikirlərimizi dəstəklədi və birgə yola çıxmağa razılıq verdim. Bir Premyer Liqa məşqçisinin belə addım atmasını nadir hallarda görürük. Mənim üçün önəmli olan işimdə uzun müddətli planın olmasıdır. Komanda formalaşdırmaq asandır. Bir klubun inkişafı üçün onun akademiyasına töhfə verə bilmək isə çox önəmlidir. Düşünürəm ki, verdiyim qərarın faydasını qarşıdakı dönəmdə görə biləcəm. Artıq 1 ildi buradayam. Bu yöndə də təcrübəmizi artırmağa çalışırıq.

"Qarabağ" yox, bir başqa klubumuzdan oxşar təklif gəlsəydi, cavabınız eyni olacaqdı?

- Əlbəttə, sırf "Qarabağ"dan təklif almağım qərarıma müsbət təsir etdi. Düşünmürəm ki, hər klubda akademiya rəhbərinə istənilən şərait yaradılır.

Danışıqlar zamanı “Qarabağ” rəhbərliyindən hər hansı xüsusi tələbiniz oldu?

- Mənim istəklərim yalnız akdemiyanın məşqçi və uşaqlarının inkişafına xidmət edəcək addımların atılması ola bilərdi. Şəxsi maraqlarımı hər zaman sona saxlamışam. Öncəliyim futbolçulara yaradılan şəraitin yaxşılaşdırılması idi. Rəhbərlik də pillə-pillə problemlərin öz həllini tapacağını söz verdi. Arxada qalan bir ildə danışığımızda irəli sürülən bəzi təkliflər həyata keçirilib. Əlbəttə ki, akademiya binasının inşası əsasdır. Ümid edirik ki, yaxın gələcəkdə bu da həyata keçiriləcək. Bu istiqamətdə artıq müəyyən işlər görülür.

Arxada qalan bir ili akademiya üçün necə qiymətləndirirsiz?

- Öncə onu deyim ki, akademiyada inkişaf əldə etmək üçün davamlı çalışmaq lazımdır. Hətta fasiləsiz deyərdim. Peşəkar klubla akademiyanın fərqlərindən biri də odur ki, burada bir yox, bir neçə komandadır. Fərqli yaş qruplarıdır. Hər birinin fərqli yanaşması var. Məşqçilərlə münasibət də aşağıda başqa cürdür. İstəyimiz futbolumuzun ən yaralı yeri olan uşaq futboluna fayda vermək, inkişaf etdirmək, "Qarabağ" və milli komandaya yeni adlar qazandıra bilməkdir. Təbii ki, problemlər var və olacaq da. Lakin son bir ildə fərqi hiss edirəm. Fərqin olması xoşdur. Amma onun davamını gətirmək lazımdır. Dayanmadan çalışmalıyıq. Oyunumuzu yaxşılaşdırmalıyıq, uşaqların ustalıq səviyyələrini artırmalıyıq. Ən böyük problemlərdən biri odur ki, ustalıq səviyyələrini gec yaşlarında artırmağa başlayırlar. Aşağıdan bu işə başlamaq mütləqdir. Qarşımıza məqsəd qoymuşuq ki, qarşıdakı 3 ildə fərqin hiss olunacağı dərəcədə işlər görə bilək. Məşqçilər, futbolçular, rəhbərlik və futbol ictimaiyyəti bunu hiss etməlidir. İşimizin hələ başlanğıcındayıq.

İlk ilinizdə fərqin hiss olunduğunu bildirdiz. Məsələn, buraya nələr daxildir?

- 9 beynəlxalq turnirdə iştirak etdik. Qarşıda daha bir turnirimiz var. 10 gündən sonra U-16 komandamız Estoniyada keçiriləcək turnir üçün yola çıxacaq. Bununla da mövsümü tamamlayacağıq. Yeni sezon üçün də bəzi turnirlərlə bağlı danışıqlar başlayıb. İnkişaf nəticələrdə hiss olunur. Son illərdə olmayan nəticələr bu gün var. Təbii ki, ən önəmlisi nəticə deyil. Bunu çox da qabardılmasını istəmirik. Gələcəkdə peşəkar futbolçu yetişdirib əsas komandaya vermək nəticə hesab olunacaq. Bütün hallarda ölkə daxilində və xarici turnirlərdə çempion olmaq da inkişafın bir parçasıdır.

Məsələn, U-15 komandasının çempion olmasının konkret nə kimi faydası var?

- Bu, ən əsası növbəti işləri görmək üçün motivasiyadır. Bu baxımdan nəticənin qazanılmasını ən vacib məsələ saymasaq da, məşqçilərin və futbolçuların inkişafı üçün səbəblərdən biri olduğunu hesab edirəm. Düzdü, bu gün U-15 komandasının xarici turnirdə çempion olması ciddi nəsə vermir. Amma yaşadıqları çempionluq hissinin faydasını peşəkar karyeralarında görə bilərlər. 

Akademiyanın fəaliyyətinin müsbət istiqamətə yön aldığını görməmək mümkün deyil. Bunu digər klublarda çalışan akademiya rəhbərləri də söhbətlərində etiraf edirlər. Qısa müddətdə nələri dəyişə bildiz?

- Güclü seleksiya işi apardığımızı deyə bilmərəm. Heç məşq proseslərinə ciddi müdaxilə etdiyimizi də demək olmaz. Çünki bu il meydançamızın örtüyü dəyişdirildi. Məcburən iki komanda bir meydançada məşq etməli oldu. Düşünürəm ki, psixoloji baxımdan söhbətlər çox olundu. Həm məşqçilər, həm də futbolçularla. Yanaşma bir qədər dəyişdi. Məsuliyyət daha da artdı. Hiss edirəm ki, bu yöndə ciddi işlər görüldü. Strukturdakı bəzi dəyişiklikdən fayda gördüyümüzü deyə bilərəm. Əvvəl skaut yox idi. Bu gün akademiyada skautumuz var. Sayı yetərli olmasa belə. Koordinator köməkçiləri fəaliyyətə başlayıb. Növbəti mövsüm üçün metodist şöbə açmağı düşünürük. Buna çox ehtiyacımız var. Gələcəkdə fiziki hazırlıq üzrə şöbənin olmasını çox istəyirəm. Çünki futbolçuların atletik səviyyəsini yüksəltmək lazımdır. Uşaqlar öz üzərlərində çalışmırlar. Kimsə 1-2 dəfə həvəsli ola bilər. Amma ümumi götürəndə bu baxımdan çox geridə qaldığımız görünür. Avropadakı akademiyalarda 8-9 fiziki hazırlıq məşqçiləri çalışır. Amma bizim ölkədə heç bir klubda fiziki hazırlıq məşqçisi yoxdur. İş çoxdur. Getdikcə infrasturukturu yaxşılaşdırmaq, işçi sayını çoxaltmaq mütləqdir. Getdiyim akademiyalarda hər bir şöbənin minimum 6-8 nəfərlik işçi qrupuna sahib olduğunu görmüşəm.

Deməli, planlar çoxdur. Həyata keçirməyə isə maliyyə və zaman lazımdır. Maraqlıdır, istədiyiniz pillədə olmaq üçün neçə il yetərlidir?

- Açığı, çox şey danışmaq, çox şey istəmək olar. Daha yaxşı akademiya olmaq üçün akademiyanın inşasının maksimum tez başlayıb bitməsi mütləqdir. Ona görə də vaxt deməkdə çətinlik çəkirəm. Çünki akademiyanın tikintisinə hələ başlanmayıb. Bundan çox şey asılıdır. Nə qədər tez akademiyaya sahib ola bilsək, bu, inkişaf üçün o qədər yaxşıdır. Bizim danışdıqlarımız işin idman tərəfidir. Bunun sosial tərəfləri var. Xarici akademiyalarda sosial şöbə fəaliyyət göstərir. Orada çalışan 8-9 nəfər daim qruplara nəzarət edirlər. Onların gündəlik məşqlərini və asudə vaxtlarını, təhsilini izləyir. Akademiyanın daxilində olan məktəblər uşaqların vaxt itkisinin qarşısını alır. Bunların hər biri çox önəmlidir. Bura qidalanmanı əlavə edə bilərik. Bütün bunlar böyük maliyyə tələb edir. Bütün bunların nə zaman həyata keçəcəyini sizə dəqiq deyə bilməyəcəm. İndiki şərtlərlə də bir neçə futbolçunu peşəkar səviyyəyə çatdıra biləcəyimizi düşünürəm. Amma gələcəkdə akademiyada bütün şərait yaradılacağı halda say sürətlə arta bilər.

Uzun müddət Premyer Liqanın içində idiz. Kənardan görünən və birbaşa içində olduğunuz uşaq futbolunun hansı fərqləri var? Mənzərə düşündüyünüzdən də acınacaqlıdır, yoxsa necə?

- İlk növbədə meydançalardan başlamaq lazımdır. Bəzi meydançalar tamamilə yararsız haldadır. Bu cür meydanlarda futbolçuların oynaması təhlükəlidir. Düşünürəm ki, həmin stadionlarda oyun keçirilməsinə icazə verilməməlidir. Statistikaya da baxılsa, görünər ki, həmin yararsız meydançalardan ciddi zədə alan futbolçuların sayı çoxdur. Çempionatlara nəzarət gücləndirilməlidir. Düzdü, çempionatların təşkili asan deyil. Amma təşkilatçılıqda, şəraitin yaxşılaşdırılması istiqamətində addımlar atılmalıdır. İstedadlı uşaqlar və məşqçilər var. Sadəcə, onların inkişafını düşünmək lazımdır. Geniş müzakirələrə ehtiyac var. Bunun üçün də klublar və federasiya ciddi şəkildə müzakirə aparmalıdır.

Deməli, istedadlar var, amma şərait yoxdur. Şərait olsa, həmin istedadlı uşaqları həm də peşəkar fubolçu kimi görə bilərik…

- Əlbəttə. Sizi inandırım ki, çox istedadlı uşaqlarımız var. Amma bu meydançalarda onların necə inkişaf edəcəyi narahatlıq yaradır. Həmin uşaqları daim diqqətdə saxlamaq, şəraitlərini yaxşılaşdırmaq, beynəlxalq təcrübələrini artırmaq lazımdır. Düzdü, buna diqqət edən klublarımız da var. Amma çox azdı.

Düzdü, şəraitlə bağlı problemlər böyükdür. Amma bu şəraitsiz mühitdə belə, 16-17 yaşa qədər yaxşı səviyyədə inkişaf edən və sonra yoxan çıxan uşaqlar da az deyil. Bunun səbəbi nədir?

- Burada bir çox məqamlar ola bilər. Yuxarıda qeyd etdiyim amillər rol oynaya bilər. Məsələn, fiziki göstəricilərində boşluq olur. Baxırsan ki, 15-16 yaşında uşaq lazım olan fiziki məşqləri, yükləmələri verə bilmir. Ailələri ilə davamlı təmasda olmaq lazımdır. Görürsən ki, bir çox hallarda valideynləri səhv qərarlar verir. Ciddi nəzarət olmalıdır. Bu, təkcə akademiya səviyyəsində olmalı deyil. Bəzən görürsən ki, 16 yaşlı uşağın valideyni məşqçi ilə dalaşdığı üçün və ya az oynadığı üçün uşağı asanlıqla götürüb aparır. Belə problemlərin olmaması üçün şərait yaxşı olmaldır. Ona görə də biz təkcə futbolçuları yox, valideynləri də yetişdirmək haqda düşünməliyik. Onların da futbol bilgiləri olmalıdır. Avropada valideynlərə belə bəzən futbol dərsi keçirlər.

Həssas məsələyə toxunduz. Nəinki həyatda, hətta məşqlərdə, oyunlarda belə, valideynlərin yersiz müdaxilələri çox olur. "Qarabağ"da bu istiqamətdə hər hansı iş görülür?

- Əlbəttə, nəinki bizdə, bütün akademiyalarda bu problem mövcuddur. Əksəriyyətinin futbol anlayışı azdı. Hər kəs özünün doğru olduğunu düşünür. Ancaq onları qınamaq da istəmirəm. Mən də bir futbolçu valideyniyəm. O hisləri özüm də hiss edirəm. Görürəm ki, insanın ağlına bəzi fikirlər gəlir. Amma nəyin doğru, nəyin düz olduğunu bildiyimiz üçün özümüzü idarə etməyi bacarırıq. Futbol sahəsində olmayanlar üçün çətindir. Dərhal reaksiyalar gəlir. Biz də belə halda valideynlərlə fərdi söhbətlərimizi edirik. İclas barədə danışası olsaq, yenə söhbət akademiya binasının inşasına gəlib çıxır. Amma fərdi şəkildə tez-tez danışırıq.

Qeyd etdiz ki, valideynlər məşqçilərlə dalaşıb və ya daha az oynadığı üçün asanlıqla uşaqlarını akademiyadan aparırlar. Arxada qalan bir ildə oxşar problemlə şəxsən üz-üzə qalıb, müdaxilə etdiyiniz olub?

- Bəli, olub belə hallar. Amma fərdi söhbətlərlə aradan qaldırmışıq. Bu kimi problemlər var və olacaq da. Burada mentalitet amili də var. Məsələn, xaricdə valideynlərin futbol bilikləri daha çox olur. Əksəriyyət hər həftəsonu oyunlara baxmağa gedir. Amma bizdə heç vaxt futbolla əlaqəsi olmayanlar da futbol haqqında danışa bilər. Belə insanlarımız çoxdur.

İstedadlı uşaqlardan danışdız. Son illər "Qarabağ"ın əsas komandasında onları görmürük. Yaxın gələcək üçün ümid var?

- Son illər bir çox istedadlı uşaqlar buranı tərk edib. Oyunlarda dəfələrlə kimliyi barədə soruşduğum uşaqların ötən mövsüm "Qarabağ"da olduğu deyilir. Xoşuma gələn bir çox uşaq hazırda rəqib komandaların heyətindədir. Təəssüf ki, "Qarabağ" akademiyasında oynamış həmin uşaqlar asanlıqla digər akademiyalara keçiblər. Bu baxımdan məni məyus edən oyunçuların sayı çoxdur. Xüsusilə də U-17, U-19 və Əvəzedici komandalarda belələri çoxluq təşkil edir. Ona görə də bu gün həmin komandalarımız U-13, U-15 komandalarından geri qalırlar. İldən ilə yuxarı yaş qruplarını yaxşılaşdırmaqla bağlı qarşımızda məqsəd var. Yeni mövsümdən U-17, U-19 komandalarına diqqəti artırmağı düşünürük.

Qurban Qurbanovun gözləntisi olduğu, xüsusi nəzarətdə saxladığı gənclər var?

- Qurban müəllimlə sıx əlaqədəyik. Daim bizimlə maraqlanır. Onun akademiyadakı gənc futbolçulara göstərdiyi maraq bizi də həvəsləndirir. Demək olar ki, hər həftə akademiyadan 8 futbolçu əsas komandada məşqlərə qoşulur. Bəzən bu gün tam istedadı açılmayan oyunçuları belə, göndəririk. Bizim görmədiyimizi əsas komandanın məşqçiləri görə bilər düşüncəsi ilə bunu edirik. Həm də hər bir furbolçumuzun şans qazanmasına yol açmış oluruq. Bizim özəlliyimiz də bundadır. Əsas komanda ilə akademiya arasında əlaqədə problemimiz yoxdur.

Bu il Əvəzedici Liqanın ləğvi geniş müzakirə olundu. Sizin mövqeyniz necə idi?

- Əvəzedici Liqada eyni yaşda olan futbolçuların rəqabət apardığını görürük. Aşağı-yuxarı 1-2 yaş fərqi olur. Bəli, əsas komandadan da bura gələnlər olur. Amma çempionata ümumi baxanda adamı narahat edən məqamlar var. Bəlkə bu futbolçular üçün daha yaxşı şərait təklif etmək olar. Ləğvi haqda qərar ağır olar. Kifayət qədər futbolçu itkisinə yol açmışıq olarıq. Hər komandada texniki heyətlə bərabər say 35 nəfərdi. Deməli, burada həm də 350 insanın işindən söhbət gedir. Amma bu komandaları Birinci və İkinci liqalara paylamaqla nəsə əldə etmək olar. Bundan öncə isə həmin liqaların səviyyəsini qaldırmaq lazımdır. Məncə, Birinci Liqanın meydançaları, yayım şərtləri yaxşılaşdırılsa, lisenziyanın şərtləri bir qədər sərtləşdirilsə, yaxşı olar. Telekanallardan biri oyunları canlı yayımlaya bilər. Bu halda Əvəzedici komandaların oraya istiqamətləndirilməsi futbolçulara fayda verə bilər. Çünki orada azarkeş kütləsi görəcəklər. Əvəzedici çempionatda 10-15 nəfər nadir halda gəlir. Birinci Liqada çempionluğa və ya medalçılar uğrunda mübarizə apara bilərlər. Çempion olan komandaya transfer olunmaqla Premyer Liqaya qalxa bilərlər. Avropanın bir çox ölkələrində belə təcrübə var.

"Qarabağ" bu gün ölkədə brendə çevrilməyi bacarıb. Azyaşlı uşaqlar bu komandanın formasını geyinməyi arzulayır. Bu həm də sizin üçün üstünlük sayıla bilə ki, istedadları asanlıqla akademiyaya cəlb edə biləsiz. Bu üstünlükdən hansı səviyyədə yararlana bilirsiz?

- Açığı, ilk vaxtlar istedadlı uşaqlara dəvət göndərəndə gəlməkdən imtina edirdilər. Amma zamanla münasibət yaxşı istiqamətə dəyişib. Komandalarımızın turnirlərə getməsi, meydançaların dəyişməsi, bir neçə yaş qrupunun nəticə verməsi bir çoxlarının akademiyamıza gəlmək istəklərini artırıb. Gənc futbolçular belə şeylərin marağındadır.

İl ərzində Avropanın bir çox məşhur akademiyalarını ziyarət etdiz. Gələcəkdə həyata keçirmək üçün dəftərçənizdə qeyd etdiyiniz xüsusi nələrsə var?

- Açığı, elə akademiyalarda oldum ki, uzun illərdən sonra eynisinin ölkəmizdə qurulmasına inanmağım gəlmir. "Benfika" və Qətərdəki "Aspire" akademiyalarını xüsusi qeyd edərdim. Hər birində bu gün bizə lazım olan, gücümüz çatacaq şeyləri qeyd etmişəm. Rəhbərliklə danışıb hissə-hissə həyata keçirməyə çalışırıq.

Akademiyanın komandalarının ölkə xaricində 9 turnirə qatıldığını qeyd etdiz. Gələcəkdə oxşar turnirlərin ölkəmizdə keçirilməsini planlaşdırırsız?

- Bunu çox istəyərdim. "Qəbələ Cup" hər zaman keçirilir. Bu il də baş tutdu. Amma əvvəllər beynəlxalq turnir kimi tanınırdı. "Barselona", "Portu" kimi klublar qatılırdı. Eynisini çox arzulayardım. Lakin hazırda meydança azlığı var. Belə turnirlər üçün ən vacib məsələ meydançaların olmasıdır. Bu gün Bakı Olimpiya Stadonundan Premyer Liqanın çox klubu istifadə edir. Hamısı meydança azlığından irəli gəlir. Düşünürəm ki, akademiyamız olandan sonra bu barədə addımlar atmaq olar. Biz gedib orada rəqiblərlə tanış oluruq. Onlar da bura gəlməyi arzulayır. Biz də vəziyyətimiz barədə çox şikayət etmək istəmirik. Şəhərimizi görməyi hər kəs arzulayır. Bakı gözəldir. Otellərimiz var. Təəssüf ki, idman qurğularımız istədiyimiz sayda deyil.

"Qəbələ" komandası ilə razılaşıb Qəbələdə keçirmək olmaz?

- "Qəbələ" keçirsə, onlara ucuz başa gələr, amma biz "Qarabağ" olaraq orada keçirsək, xərclər çox olacaq.

Qurban Qurbanov və futbolçularlar Belarusda çempion olan U-15 komandasının üzvləri ilə görüşdü və hədiyyələr verdi. Belə addımların uşaqlara mənəvi dəstək olması şübhəsizdir. Eynisini il ərzində edirsiz? Məsələn, ayda bir dəfə əsas komanda ilə görüş və ya əsas heyətin tanınan simaları ilə müsahibə və.s.

- Belə addımlar futbolçuların daha da həvəslənməsinə hesablanmış addımlardır. Hətta məşqçilərimizə verilən dəyər də deyə bilərik. Məncə, istənilən yaş qrupunda çempion olan komandaya dəyər verilməlidir. Rəhbərlik də, Qurban müəllim də sağ olsun ki, belə təkliflərə müsbət reaksiya verir. Baxmayaraq ki, onlar üçün hər zaman bunu etmək çətindir. Çünki sıx qrafikdə çalışırlar. Gələcəkdə də belə addımlar atılacağına inanırıq. Bu yaşda uşaqlar üçün əsas komandanın üzvləri ilə üz-üzə gəlmək böyük hadisə hesab olunur.

Adətən məşqçilər peşələrinin xəstəlik olduğunu bildirir. İçinə daxil oldunsa, kənara çıxmaq istəmirsən. Artıq kənarda- akademiyada fəaliyyət göstərirsiz. Müqayisə edəndə hansı daha çətindir?

- Hər birinin çətinliyi var. Peşəkar komandada baş məşqçi kimi fərqli statusda olursan. Mən iki sahədə də özümü yaxşı səviyyəyə qaldırmaq istəyirəm. Qərar verəndə geriyə addım olub-olmamasını çox düşünmüşdüm. Sonda faydası olar deyə gəlməyə qərar verdim. Baş məşqçi kimi təkliflər ola-ola bura gəlmişəm. İndi də təkliflər olur. Lakin özümü bu sektorda daha da təkminləşdirmək istəyirəm.

Arada darıxmırsız?

- Səmimi deyim ki, darıxıram (gülür). Çünki baş məşqçi kimi fərqli emosiyalar yaşayırsan. Həyəcan yüksək olur. Uşaq futbolunda daha sakit olursan. Hərdən beynimə fikirlər gəlir ki, hansısa təklifi dəyərləndirim.

Darıxdığınızı etiraf etdiz. Təkliflər də qapıdadır. Cəmi bir neçə gün əvvəl "Turan Tovuz" klubu sizin xidmətinizdə maraqlı idi. Niyə imtina etdiz?

- Bu gün darıxsam belə, hislərimlə yox, ağlımla qərar verirəm. Bu gün düşünürəm ki, futbolumuza "Qarabağ"da daha çox fayda verə bilərəm. Amma bu gün üçün "Turan Tovuz"a fayda verə biləcəyimi hiss etmirdim. "Turan" rəhbərliyi bizə yaxın insanlardı. Bu klubun da karyeramda xüsusi yeri olub. Məhz orada çıxış edən zaman milli komandada möhkəmlənə bilmişdim. Hər zaman da bu komandaya azarkeşlik edəcəm. Gələcəkdə də qərarım indikindən fərqli ola bilər.

Bu qərarın arxasında həm də "Qarabağ"la olan 3 illik planın dayandığını demək olar?

- Əlbəttə, burada mənə dəyər verən insanlardı. Klub rəhbərliyi və əsas komandanın məşqçilər korpusu ilə söhbətdə mənə ümidlərinin böyük olduğunu görürəm. Başladığım işi yarıda qoyub getməyi xoşlamıram (sportinfo.az)